Bakı. Trend:
Azərbaycanın dövlət borcunun ümumi məbləğinin 2030-cu ilin sonuna 34,5 milyard manata, onun ÜDM-ə nisbətinin isə 20,4 faizə çatacağı proqnozlaşdırılır.
Bu barədə Maliyyə Nazirliyinin yaxın dörd ili əhatə edən Ortamüddətli Xərclər Çərçivəsində bildirilib.
Sənədə əsasən, 2026-cı ilin sonuna Azərbaycanın xarici və daxili dövlət borcunun ümumi məbləğinin 27 milyard manat və ya proqnozlaşdırılan ÜDM-in 19,5 faizi səviyyəsində olacağı gözlənilir.
Qeyd olunur ki, 2026-cı il yanvarın 1-nə dövlət borcunun ÜDM-ə nisbəti 20,1 faiz təşkil edib. Bu göstərici büdcə qaydasında ortamüddətli dövr üçün müəyyən edilmiş dövlət borcunun ÜDM-ə nisbətinin yuxarı həddindən 9,9 faiz bənd aşağı olub.
Ötən il “Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiyanın 2022–2025-ci illər üzrə yenilənməsi çərçivəsi” ilə müəyyən edilmiş dövlət borcunun ÜDM-ə nisbətinin 30 faizdən aşağı saxlanılması və xarici dövlət borcunun 10 milyard ABŞ dollarını aşmaması hədəflərinə nail olunub.
Sənəddə bildirilir ki, dövlət borcunun idarə edilməsi strategiyasına uyğun olaraq xarici dövlət borcunun ümumi dövlət borcundakı xüsusi çəkisinin mərhələli şəkildə azaldılması və daxili borcla əvəzlənməsi istiqamətində tədbirlər görülüb. Eyni zamanda, daxili maliyyə bazarında dövlət istiqrazlarının yerləşdirilməsi yolu ilə dövlət büdcəsinin kəsirinin maliyyələşdirilməsinə vəsait yönəldilməsi daxili dövlət borcunun əhəmiyyətli dərəcədə artmasına səbəb olub.
2026-cı ildə dövlət borclanmasının daxili maliyyə bazarında emissiya ediləcək dövlət qiymətli kağızları, eləcə də beynəlxalq maliyyə institutlarının vəsaitləri hesabına layihələrin maliyyələşdirilməsi vasitəsilə həyata keçirilməsi planlaşdırılır.
Bu çərçivədə su və nəqliyyat sektorlarında təsdiq edilmiş dövlət proqramlarının icrası üçün prioritet layihələrin maliyyələşdirilməsi məqsədilə beynəlxalq maliyyə institutları ilə əməkdaşlıq çərçivəsində kredit vəsaitlərinin cəlb edilməsi nəzərdə tutulur.
Proqnozlara görə, 2027–2030-cu illəri əhatə edən ortamüddətli dövrün sonunda dövlət borcunun ÜDM-ə nisbəti 20,4 faiz təşkil edəcək. Bu göstəricinin dövlət borcunun idarə edilməsi və fiskal dayanıqlığın qorunması çərçivəsində izlənilməsi nəzərdə tutulur.