Bakı. Trend:
Azərbaycanda dövlət büdcəsi kəsirinin ÜDM-ə nisbətinin 2027–2030-cu illərdə orta hesabla 2,2 faiz təşkil edəcəyi proqnozlaşdırılır.
Bu barədə Maliyyə Nazirliyinin yaxın dörd ili əhatə edən Ortamüddətli Xərclər Çərçivəsində bildirilib.
Sənədə əsasən, dövlət büdcəsi kəsirinin yuxarı həddi 2027-ci ildə 3 milyard 146 milyon manat, 2028-ci ildə 3 milyard 342 milyon manat, 2029-cu ildə 3 milyard 554,1 milyon manat, 2030-cu ildə isə 3 milyard 659,5 milyon manat səviyyəsində proqnozlaşdırılır.
Dövlət büdcəsi kəsirinin özəlləşdirmədən daxilolmalar, daxili və xarici borclanma hesabına əldə edilən vəsaitlər, eləcə də vahid xəzinə hesabının qalığı hesabına maliyyələşdirilməsi nəzərdə tutulur.
Bildirilib ki, bir sıra prioritet sahələr üzrə layihələrin maliyyələşdirilməsi üçün beynəlxalq maliyyə institutlarından xarici borcun cəlb edilməsi istiqamətində müvafiq prosedurlara başlanılıb. İmzalanacaq borc sazişləri çərçivəsində kredit vəsaitlərinin cəlb edilməsi dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsində bu mənbənin payının artmasına səbəb olacaq.
Yeni makro-fiskal çərçivənin hədəflərinə uyğun olaraq, uzunmüddətli dövrdə daxili və xarici borclanmadan təsdiq edilmiş limitlər çərçivəsində istifadə olunması planlaşdırılır. Bu məqsədlə dövlət qiymətli kağızlarının və istiqrazlarının emissiyası vasitəsilə daxili maliyyə bazarlarının inkişaf etdirilməsi diqqət mərkəzində saxlanılacaq.
Sənəddə, həmçinin icmal büdcə kəsirinin əhəmiyyətli dərəcədə azalacağı proqnozlaşdırılır. Belə ki, 2027-ci ildə 2 milyard 757,9 milyon manat nəzərdə tutulan icmal büdcə kəsirinin 2030-cu ildə 442,2 milyon manata enəcəyi gözlənilir.