Bakı. Trend:
Azərbaycanın 2027-ci il dövlət büdcəsindən müdafiə və milli təhlükəsizlik xərclərinə 8 milyard 816,4 milyon manat vəsait ayrılması proqnozlaşdırılır.
Bu barədə Maliyyə Nazirliyinin yaxın dörd ili əhatə edən Ortamüddətli Xərclər Çərçivəsində bildirilib.
Sənədə əsasən, 2027-ci ildə dövlət borcuna xidmətlə bağlı xərclər 2,2 milyard manat təşkil edəcək. Bu məbləğin 1 milyard 427,5 milyon manatı xarici dövlət borcuna xidmətə, o cümlədən 1 milyard 63,5 milyon manatı əsas borcun ödənilməsinə, 364 milyon manatı isə faiz xərclərinə yönəldiləcək.
Daxili dövlət borcuna xidmət üçün 137,2 milyon manat əsas borc ödənişi və 635,3 milyon manat faiz xərci nəzərdə tutulur. Beləliklə, 2027-ci ildə dövlət borcu üzrə ümumi faiz xərclərinin 999,3 milyon manat olacağı proqnozlaşdırılır.
Funksional təsnifata əsasən, 2027-ci il dövlət büdcəsinin xərclərinin əsas istiqamətləri aşağıdakı kimi müəyyən edilib:
- Müdafiə və milli təhlükəsizlik – 8 milyard 816,4 milyon manat (20,8 faiz); - İqtisadi fəaliyyət – 8 milyard 907,3 milyon manat (21 faiz); - Ümumi dövlət xidmətləri – 5 milyard 521,8 milyon manat (13 faiz); - Təhsil – 5 milyard 99 milyon manat (12 faiz); - Sosial müdafiə və sosial təminat – 4 milyard 914 milyon manat (11,6 faiz); - Məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq – 3 milyard 438,6 milyon manat (8,1 faiz); - Səhiyyə – 2 milyard 84,1 milyon manat (4,9 faiz); - Kənd təsərrüfatı – 1 milyard 379,5 milyon manat (3,3 faiz); - Əsas bölmələrə aid edilməyən xidmətlər – 822,5 milyon manat (2 faiz); - Mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və gənclər siyasəti – 643 milyon manat (1,5 faiz); - Ətraf mühitin mühafizəsi – 438,6 milyon manat (1 faiz); - Mənzil və kommunal təsərrüfatı – 335,2 milyon manat (0,8 faiz).
Sənəddə qeyd olunur ki, 2027-ci illə müqayisədə ortamüddətli dövrün sonunda dövlət büdcəsi xərclərində ümumi dövlət xidmətlərinin payının 0,6 faiz bəndi, səhiyyənin payının 0,5 faiz bəndi, məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq xərclərinin payının 0,3 faiz bəndi artacağı gözlənilir.
Həmçinin sosial müdafiə və sosial təminat, eləcə də kənd təsərrüfatı xərclərinin dövlət büdcəsindəki xüsusi çəkisinin hər birinin 0,1 faiz bənd artacağı proqnozlaşdırılır.
Maliyyə Nazirliyinin qiymətləndirməsinə görə, yenilənmiş makroiqtisadi proqnozlar əsasında qeyri-neft-qaz gəlirlərinin artması və büdcə qaydasının nəzərdə tutulan trayektoriyası üzrə genişlənən ortamüddətli resurs zərfi ölkənin müdafiə və milli təhlükəsizlik qabiliyyətinin gücləndirilməsinə, sosial-iqtisadi inkişaf strategiyasının və Böyük Qayıdışa dair Dövlət Proqramının icrasına, eləcə də Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramının və digər dövlət proqramlarının maliyyələşdirilməsinə imkan verəcək.
Bununla yanaşı, büdcə resurslarının dövlət borcuna xidmət üzrə öhdəliklərin yerinə yetirilməsinə yönəldilməsi də nəzərdə tutulur.