Bakı. Trend:
Neftin qiymətinin proqnozlaşdırılan səviyyədən aşağı düşməsi Azərbaycanın icmal büdcəsinin balansına və Dövlət Neft Fondunun (DNF) aktivlərinə mənfi təsir göstərə bilər. Bununla belə, 2027–2030-cu illərdə neft qiymətlərində mümkün dəyişikliklərin fiskal göstəricilərə təsirlərinin büdcə qaydası vasitəsilə məhdudlaşdırılması nəzərdə tutulur.
Bu barədə Maliyyə Nazirliyinin yaxın dörd ili əhatə edən Ortamüddətli Xərclər Çərçivəsində bildirilib.
Sənəddə qeyd olunur ki, neft-qaz sektorunun dövlət büdcəsinin gəlirlərində və ölkənin ixracında əhəmiyyətli paya malik olması xam neftin qiymətində və hasilat həcmində baş verən dəyişikliklərin fiskal və makroiqtisadi göstəricilərə təsirini artırır. Neft qiymətlərinin proqnozlaşdırılan səviyyədən aşağı düşməsi neft-qaz gəlirlərinin azalmasına, nəticədə icmal büdcə balansının zəifləməsinə və Dövlət Neft Fondunun aktivlərinin azalmasına səbəb ola bilər.
Bu baxımdan, qlobal enerji bazarındakı qiymət dəyişkənliyinin, hasilat perspektivlərinin və geosiyasi proseslərin dövlət maliyyəsinə potensial təsirlərinin qiymətləndirilməsi xüsusi əhəmiyyət daşıyır.
Neft bazarındakı qeyri-müəyyənlikləri nəzərə almaq üçün 2027–2030-cu illər üzrə neft qiymətlərinin baza proqnozundan mümkün kənarlaşmaları müxtəlif ssenarilər əsasında təhlil edilib. Bu ssenarilər neftin qiymətinin baza göstəricisindən 5, 10, 15 və 20 ABŞ dolları yuxarı və ya aşağı dəyişməsini nəzərdə tutur.
Sənəddəki qrafiklərdə mərkəzi xətt baza proqnozunu, rəngli zolaqlar isə neft qiymətinin mümkün dəyişmə diapazonlarını əks etdirir. Bu yanaşma neft qiymətlərinin həm yüksəlməsi, həm də azalması şəraitində büdcə göstəricilərinin və Dövlət Neft Fondunun aktivlərinin necə dəyişə biləcəyini qiymətləndirməyə imkan verir.
Qrafiklərə əsasən, Dövlət Neft Fondunun aktivlərinin baza ssenarisində 2030-cu ildə 73,9 milyard ABŞ dolları səviyyəsində olacağı nəzərdə tutulur. Müxtəlif neft qiyməti ssenarilərində aktivlərin baza göstəricisindən təxminən 0,9–1,8 milyard dollar intervalında fərqlənəcəyi proqnozlaşdırılır.
Neft qiymətlərinin baza proqnozundan mümkün kənarlaşması nəzərə alınmaqla, 2027-ci ildə icmal büdcə balansının ÜDM-ə nisbətinin baza ssenarisindəki mənfi 2 faiz göstəricisi ilə müqayisədə müxtəlif ssenarilər üzrə təxminən 1,4–2,7 faiz bəndi intervalında dəyişə biləcəyi gözlənilir.
Sənəddə dünya bazarlarında neft qiymətlərinin dəyişkənliyinə baxmayaraq, növbəti ildə qiymətlərin bir barel üçün 65 ABŞ dollarından aşağı düşməsi ehtimalının az qiymətləndirildiyi və neft qiymətləri kanalı vasitəsilə yaranan fiskal risklərin aşağı hesab olunduğu bildirilir.
Fiskal risklərin azaldılması üçün hansı tədbirlər görüləcək?
Maliyyə Nazirliyinin qiymətləndirməsinə görə, neft və təbii qaz qiymətlərindəki dəyişkənliyin dövlət maliyyəsinə təsirini məhdudlaşdırmaq və makro-fiskal dayanıqlığı qorumaq üçün büdcə qaydasının tətbiqi davam etdiriləcək.
Bu mexanizmin əsas istiqamətlərindən biri icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-ə nisbətinin müəyyən edilmiş hədəflər çərçivəsində saxlanılmasıdır. Belə yanaşma dövlət maliyyəsinin neft-qaz gəlirlərindəki dəyişikliklərdən asılılığının mərhələli şəkildə azaldılmasına xidmət edir.
Bununla yanaşı, Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin manatla müəyyən edilməsi neftin qiymətində, hasilat həcmində və valyuta məzənnəsində baş verən dəyişikliklərin büdcə gəlirlərinə birbaşa təsirini məhdudlaşdırır. Transfertin məbləğinin bu amillərdən birbaşa asılı olmaması dövlət büdcəsinin neft gəlirlərinin daha proqnozlaşdırıla bilən şəkildə formalaşmasına şərait yaradır.
Büdcə qaydası çərçivəsində qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-ə nisbətinin və Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertlərin ortamüddətli dövrdə mərhələli şəkildə azaldılması nəzərdə tutulur.
Bu tədbirlərin əsas məqsədi neft-qaz gəlirlərindən fiskal asılılığı azaltmaq, dövlət maliyyəsində intizamı qorumaq və Dövlət Neft Fondunun aktivlərinin uzunmüddətli perspektivdə saxlanılmasını təmin etməkdir.
Beləliklə, neft qiymətlərində mümkün dəyişikliklərin dövlət büdcəsinə təsirlərinin məhdudlaşdırılması və büdcə siyasətinin daha dayanıqlı əsaslarla həyata keçirilməsi Azərbaycanın ortamüddətli fiskal siyasətinin əsas prioritetləri sırasındadır.