Bakı. Trend:
Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin yenidən qurulması və bərpası ilə bağlı xərclərin 2027–2030-cu illərdə 13,2 milyard manat təşkil edəcəyi proqnozlaşdırılır.
Bu barədə Maliyyə Nazirliyinin yaxın dörd ili əhatə edən Ortamüddətli Xərclər Çərçivəsində bildirilib.
Sənədə əsasən, qeyd olunan vəsaitin dövlət büdcəsinin əsaslı xərclərində xüsusi çəkisi 24,1 faiz təşkil edəcək.
Bildirilib ki, 2027-ci il üçün dövlət büdcəsinin əsaslı xərcləri çərçivəsində bir sıra strateji əhəmiyyətli tədbirlərin və dövlət proqramlarının maliyyələşdirilməsi nəzərdə tutulur.
Bu tədbirlərə “Azərbaycan Respublikasının 2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”, “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”, eləcə də “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində həyata keçirilən layihələr daxildir.
Eyni zamanda, ortamüddətli dövrdə dövlət büdcəsinin əsaslı xərclərinin mühüm hissəsinin Böyük Qayıdış Proqramının icrasına, ölkənin müdafiə qabiliyyətinin və təhlükəsizliyinin gücləndirilməsinə yönəldilməsi planlaşdırılır.
İşğaldan azad edilmiş ərazilərin yenidən qurulması və bərpası ilə bağlı xərclərin proqnozlaşdırılması zamanı Böyük Qayıdış II planının layihəsi də nəzərə alınıb.