Bakı. Trend:
Azərbaycanın icmal büdcəsinin xərclərinin 2030-cu ildə 53 milyard 147,1 milyon manata çatacağı proqnozlaşdırılır. Bu, 2026-cı ilin təsdiq olunmuş göstəricisi ilə müqayisədə 4 milyard 307,8 milyon manat və ya 8,8 faiz çoxdur.
Bu barədə Maliyyə Nazirliyinin yaxın dörd ili əhatə edən Ortamüddətli Xərclər Çərçivəsində bildirilib.
Sənədə əsasən, 2027-ci il üçün icmal büdcənin xərcləri 50 milyard 377,1 milyon manat proqnozlaşdırılır. Bu, 2026-cı ilin təsdiq olunmuş göstəricisindən 1 milyard 537,8 milyon manat və ya 3,1 faiz çoxdur.
2027-ci ildə dövlət büdcəsinin xərclərinin isə 42,4 milyard manat təşkil edəcəyi gözlənilir. Bu, 2026-cı ilin təsdiq olunmuş göstəricisi ilə müqayisədə 696,4 milyon manat və ya 1,7 faiz çoxdur.
Ortamüddətli dövrün sonunda, 2030-cu ildə dövlət büdcəsinin xərclərinin 44 milyard 236,5 milyon manata çatacağı proqnozlaşdırılır. Bu, 2026-cı ilin təsdiq olunmuş büdcəsi ilə müqayisədə 2 milyard 532,9 milyon manat və ya 6,1 faiz çoxdur.
2027-ci il üçün dövlət büdcəsi xərclərinin 26,4 milyard manatının və ya 62,3 faizinin cari xərclərə yönəldilməsi nəzərdə tutulur. Bu, 2026-cı ilin göstəricisindən 1 milyard 198,4 milyon manat və ya 4,8 faiz çoxdur.
Əsaslı xərclərin 13,8 milyard manat və ya ümumi xərclərin 32,5 faizi həcmində proqnozlaşdırıldığı bildirilir. Bu istiqamətə ayrılacaq vəsait 2026-cı illə müqayisədə 244,4 milyon manat və ya 1,7 faiz az olacaq.
Dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərin isə 2,2 milyard manat təşkil edəcəyi gözlənilir. Bu, 2026-cı ilin təsdiq olunmuş göstəricisindən 257,6 milyon manat və ya 10,5 faiz azdır.
Sənəddə qeyd olunur ki, dövlət büdcəsinin cari xərclərində artım əsasən sosialyönümlü xərclərlə bağlı olacaq. Bu xərclərin 2030-cu ildə 27 milyard 736,5 milyon manata çatacağı proqnozlaşdırılır. Bu, 2026-cı ilin təsdiq olunmuş göstəricisi ilə müqayisədə 2 milyard 534,9 milyon manat və ya 10,1 faiz çoxdur.
Eyni zamanda, ortamüddətli dövrdə cari xərclərin artımının qeyri-neft-qaz ÜDM-in və qeyri-neft-qaz gəlirlərinin artım tempini üstələməyəcəyi gözlənilir. Dövrün sonuna cari xərclərin qeyri-neft-qaz gəlirləri hesabına tam təmin olunması hədəflənir.
Bu məqsədə qeyri-neft gəlirlərinin artırılması ilə yanaşı, cari xərclərin optimallaşdırılması hesabına nail olunması nəzərdə tutulur.