Bakı. Trend:
Azərbaycanın icmal büdcəsinin gəlirlərinin 2030-cu ildə 52,7 milyard manata çatacağı proqnozlaşdırılır ki, bu da 2026-cı ilin təsdiq olunmuş göstəricisindən 17,2 faiz çoxdur.
Bu barədə Maliyyə Nazirliyinin yaxın dörd ili əhatə edən Ortamüddətli Xərclər Çərçivəsində bildirilib.
Sənədə əsasən, 2027-ci il üçün icmal büdcənin gəlirləri 47 milyard 619,2 milyon manat proqnozlaşdırılır. Bu, 2026-cı ilin təsdiq olunmuş göstəricisi ilə müqayisədə 2 milyard 649,8 milyon manat və ya 5,9 faiz çoxdur.
Ortamüddətli dövrün sonunda, 2030-cu ildə isə icmal büdcənin gəlirlərinin 52 milyard 705 milyon manata çatacağı gözlənilir. Bu, 2026-cı ilin göstəricisindən 7 milyard 735,6 milyon manat çoxdur.
Dövlət büdcəsinin gəlirləri əvvəlki illərin faktiki icra göstəriciləri və 2027–2030-cu illər üzrə son makroiqtisadi proqnozlar əsasında hesablanıb. Proqnozlaşdırma zamanı ÜDM və qeyri-neft-qaz ÜDM-in artım templəri, valyuta məzənnəsi, neft-qaz hasilatı, neftin qiyməti və digər amillər nəzərə alınıb.
Büdcə gəlirlərinin hesablanması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 4 nömrəli qərarı ilə təsdiq edilmiş dövlət büdcəsinin gəlirlərinin, o cümlədən qeyri-neft və neft gəlirlərinin proqnozlaşdırılması qaydalarına uyğun həyata keçirilib.
Sənədə görə, ortamüddətli dövrdə icmal və dövlət büdcələrinin neft-qaz gəlirlərinin hesablanması zamanı xam neftin bir barelinin 2027–2030-cu illərdə 65 ABŞ dolları səviyyəsində olacağı fərz edilib. Həmçinin neft-qaz sektorunda proqnozlaşdırılan hasilat həcmləri və Dövlət Neft Fondunun aktivlərinin gəlirlilik səviyyəsi nəzərə alınıb.
Qeyri-neft-qaz sektorunda iqtisadi artım, kölgə iqtisadiyyatının azaldılması, fiziki şəxslərin gəlir vergisi üzrə daxilolmaların optimallaşdırılması, gəlirlərin leqallaşdırılması, elektron idarəetmənin əhatə dairəsinin genişləndirilməsi və vergi nəzarətinin gücləndirilməsi büdcə gəlirlərində qeyri-neft-qaz sektorunun payının artmasına şərait yaradacaq.
Belə ki, 2030-cu ildə qeyri-neft-qaz gəlirlərinin dövlət büdcəsinin ümumi gəlirlərində payının 2027-ci illə müqayisədə 9,3 faiz bənd artaraq 69,8 faizə çatacağı proqnozlaşdırılır. Bu gəlirlərin mütləq ifadədə 19,2 faiz artaraq 28,3 milyard manat təşkil edəcəyi gözlənilir.
Maliyyə Nazirliyinin proqnozlarına əsasən, büdcənin resurs zərfi 2027-ci ildə 50,4 milyard manat, ortamüddətli dövrün sonunda isə 53,1 milyard manat olacaq.
Resurs zərfi müəyyən edilərkən büdcə qaydasına uyğun olaraq icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-ə nisbəti və dövlət borcunun ÜDM-ə nisbəti üzrə 2029-cu ilin sonuna hədəflənən yuxarı hədlər, həmin hədlər çərçivəsində cəlb edilə biləcək dövlət borcunun həcmi və Dövlət Neft Fondundan dövlət büdcəsinə illik transfertlərin yuxarı hədləri nəzərə alınıb.