Bakı. Trend:
Narkotik vasitəni ölkə ərazisinə keçirməyə cəhd göstərən şəxs saxlanılıb.
Bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb.
Bildirilib ki, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində ümumi çəkisi 7 kiloqram 490 qram narkotik vasitə marixuana və 1810 ədəd psixotrop tərkibli Metadon M-40 həbini qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirməyə cəhd göstərən İran İslam Respublikası vətəndaşı – 1975-ci il təvəllüdlü Ağapur Hüseyn Novruz saxlanılıb.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Məlumatda qeyd olunub ki, dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılıq, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri uğurla davam etdirilir.