Bakı. Trend:
Vətəndaşlar attestatlarını mygov.az platformasından yükləyə, paylaşa və rəsmi sənəd kimi istifadə edə bilərlər.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, 11 avqust 2026-cı il tarixindən etibarən ümumi təhsil müəssisələrinin rəhbərləri tərəfindən elektron imza ilə imzalanmış təhsil haqqında dövlət sənədləri - attestatlar vətəndaşlar üçün elektron formada əlçatan olub.
"Attestatlar təhsil müəssisəsinin rəhbəri tərəfindən elektron imza ilə imzalandığı üçün hüquqi qüvvəyə malik rəsmi təhsil sənədləridir. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən, gücləndirilmiş elektron imza əl imzası ilə, elektron sənəd isə kağız daşıyıcıda olan sənədlə eyni hüquqi qüvvəyə malikdir.
Vətəndaşlar attestatlarını mygov.az platformasında “Təhsil məlumatlarım” → “Elektron təhsil sənədlərim” bölməsindən təhsil sənədləri əldə edə, yükləyə, paylaşa və rəsmi sənəd kimi istifadə edə bilərlər.
Eyni zamanda, elektron sənədin üzərindəki QR kodu oxudaraq və ya edu.gov.az saytının “Sənəd yoxlama” bölməsində sənədin nömrəsi və doğum tarixini daxil etməklə sənədin həqiqiliyini yoxlamaq mümkündür", - məlumatda vurğulanıb.
Qeyd edək ki, sosial şəbəkə platformalarında attestatların elektronlaşdırılması ilə apostil probleminin ortaya çıxması barədə şikayətlər yayılıb. Belə ki, valideynlər xaricdə təhsil üçün sənəd təqdim edərkən kağız daşıyıcıda olmadığı üçün apostil problemi ilə üz-üzə qaldıqlarını bildiriblər.