Bakı. Trend:
Dənizdə istirahət zamanı uşaqlarda istilik vurmasına xüsusilə diqqətli olmaq lazımdır.
Bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyi K.Y. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun doktorantı Regina Nemətova açıqlayıb.
Onun sözlərinə görə, uşaqlarda istilik vurmasının ilk əlamətləri adətən güclü halsızlıq, baş ağrısı, başgicəllənmə, ürəkbulanma və qusma ilə özünü göstərir.
“Uşağın dərisi çox isti və quru ola bilər, bədən temperaturu yüksələ, davranışında dəyişiklik, hətta huş bulanıqlığı yarana bilər. Belə əlamətlər müşahidə olunarsa, uşağı dərhal günəşdən uzaqlaşdırmaq, sərin yerə aparmaq və bədənini tədricən soyutmaq lazımdır”, – deyə pediatr bildirib.
R.Nemətova qeyd edib ki, uşağın günəş altında qalması üçün hamıya uyğun konkret “maksimum dəqiqə” müəyyən etmək mümkün deyil. Çünki bu müddət uşağın yaşından, günün saatından, havanın temperaturundan və ultrabənövşəyi (UV) indeksindən asılıdır.
“Xüsusilə 6 aydan kiçik körpələr birbaşa günəş şüalarından qorunmalıdır. Daha böyük uşaqlarda isə saat 11:00–17:00 arasında birbaşa günəş altında qalmaqdan mümkün qədər uzaq durmaq, kölgədə olmaq və mütəmadi olaraq su içmək vacibdir.
Unutmayaq ki, uşağın günəşdən qorunması yalnız günəş kremindən istifadə etməklə məhdudlaşmır. Papaq, yüngül geyim, kölgəlikdən istifadə və günün uyğun saatlarının seçilməsi də uşaqların günəşin zərərli təsirlərindən qorunmasında mühüm rol oynayır”, – deyə pediatr vurğulayıb.