Baş verənlər CHP daxilindəki qarşıdurmanın nəticəsidir və Özgür Özel öz uğursuzluğunu ört-basdır etməyə çalışır.
Modern.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında hakim Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömer Çelik bildirib.
“Özgür Özəlin siyasi təhqir və hədəf göstərmə xarakterli bütün ifadələrini özünə qaytarırıq. Təhqir və siyasi zorakılıq cəhdlərinə əsla icazə verməyəcəyik”, - deyə o vurğulayıb.
Ədalət və İnkişaf Partiyasının sözçüsü son iki gündə səsləndirilən bəyanatların həddi aşdığını qeyd edib və hüquqi-siyasi mübarizənin davam etdiriləcəyini bildirib.
“Türkiyənin siyasi həyatı bir çox böhranlardan keçib. Prezidentimiz bizim qırmızı xəttimizdir. Hüquq qarşısında və siyasi müstəvidə bunun hesabını soruşmağa davam edəcəyik”, - deyə Çelik əlavə edib.
O həmçinin qeyd edib ki, hazırda yaşanan proses CHP üzvləri arasındakı daxili qarşıdurmanın məhkəmə müstəvisinə daşınmasından ibarətdir:
“Bu hadisənin tərəfi heç bir siyasi partiya deyil. İlk ittihamlar CHP-də rəhbər vəzifələrdə olmuş və hazırda da aktiv siyasətlə məşğul olan şəxslər tərəfindən irəli sürülüb. Bundan sonra məhkəmə prosesi başlayıb və mövcud vəziyyət yaranıb”.