ABŞ Prezidenti Donald Tramp ilə Çin lideri Si Cinpin arasında keçirilən sammitdə ən gərgin müzakirə mövzusu Yaponiyanın yenidən hərbiləşdirilməsi məsələsi olub.
Modern.az xəbər verir ki, bu barədə “Financial Times” qəzeti mənbələrə istinadən məlumat yayıb.
Nəşrin yazdığına görə, Si Cinpin Yaponiyanın Baş naziri Sanae Takaitini ölkənin “yenidən silahlandırılması” siyasətinə görə sərt şəkildə tənqid edib. Bildirilir ki, Çin lideri çıxışı zamanı “emosional və qəzəbli” davranıb və bu, amerikalı rəsmilər üçün gözlənilməz olub. Çünki sammitdən əvvəl Çin tərəfi ilə danışıqlarda Yaponiya mövzusu demək olar ki, gündəmə gətirilmirdi.
Məlumata əsasən, Tramp isə Yaponiyanın müdafiə xərclərinin artmasını Şimali Koreyadan gələn təhlükə ilə əlaqələndirib və Tokionun təhlükəsizlik sahəsində daha sərt mövqe tutmağa məcbur qaldığını bildirib.
“Financial Times” qeyd edir ki, Pekinlə Tokio arasında münasibətlər 2025-ci ilin noyabrında Sanae Takaitinin Çin tərəfindən Tayvana mümkün hücumun Yaponiya üçün “ekzistensial təhlükə” yarada biləcəyini deməsindən sonra daha da gərginləşib.
Nəşr əlavə edir ki, Yaponiya son illərdə yayımladığı müdafiə hesabatlarında Çindən gələn təhlükəni Şimali Koreya ilə müqayisədə daha ciddi risk kimi qiymətləndirir.