Bakı. Trend:
“Human” (“insan”, “insani”) sözü Kembric lüğətinin (Cambridge Dictionary) versiyasına görə 2026-cı ilin sözü seçilib.
Bu barədə lüğətin rəsmi saytında məlumat verilib.
Sözün ilin sözü seçilməsi süni intellektin sürətli inkişafı ilə əlaqələndirilir. Dilçilərin diqqətini “human” sifətinin son dövrlərdə insanlar ilə maşınlar arasında fərqi ifadə etmək üçün daha çox işlədilməsi cəlb edib.
Əvvəllər bu söz əsasən insanları heyvanlardan və tanrılardan fərqləndirmək üçün istifadə olunurdusa, hazırda süni intellektin yaratdığı məhsullardan fərqli olaraq insan əməyinin və yaradıcılığının nəticələrini vurğulamaq məqsədilə də işlədilir.
Xüsusilə “human-written” (“insan tərəfindən yazılmış”), “human-generated” (“insan tərəfindən yaradılmış”) və “human-made” (“insan istehsalı”) kimi ifadələr getdikcə daha geniş yayılır. Bu ifadələr mətnin, məhsulun və ya məzmunun süni intellekt deyil, insan tərəfindən hazırlandığını vurğulayır.
Kembric lüğətinin açıqlamasında qeyd olunur ki, bu dil dəyişiklikləri süni intellektin gündəlik həyatın ayrılmaz hissəsinə çevrilməsinin təbii nəticəsi ola bilər. Bununla yanaşı, bu tendensiya insanların süni intellektə münasibətində daha ciddi dəyişikliklərin göstəricisi də ola bilər.
Kembric lüğətinin baş redaktoru Kolin Makintoş bildirib ki, 2026-cı il istehlak edilən məhsullarda “insan amili”nə marağın yenidən artması və ümumilikdə həyatımızda insan başlanğıcının əhəmiyyətinin yüksəlməsi ilə yadda qalıb.
Qeyd edək ki, Kembric lüğəti ötən il “parasocial” (“parasosial”) sözünü 2025-ci ilin sözü seçmişdi. Bu termin insanın məşhur şəxsiyyət, kitab və ya film personajı, yaxud süni intellektlə hiss etdiyi əlaqəni ifadə edir.