Bakı. Trend:
Azərbaycanda qeyri-formal məşğulluğun azaldılması istiqamətində 2017-ci ildən görülən tədbirlər nəticəsində əmək müqavilələrinin sayı 600 minə yaxın artıb. Bu, təxminən 46–47 faiz artım deməkdir. Həmin dövrdə ölkə üzrə əməkhaqqı fondu isə üç dəfədən çox böyüyüb.
Trend-in müxbiri xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev çərşənbə günü “Peşə Təhsili Forumu – 2026” tədbirində deyib.
Nazir bildirib ki, minimum əməkhaqqının və dövlət sektorunda maaşların artırılması özəl sektorda da əməkhaqqı artımına təsir göstərir. Onun sözlərinə görə, formal məşğulluğun genişlənməsi işəgötürənlərin əməkdaşlarını peşə hazırlığı və ixtisasartırma kurslarına cəlb etməsi üçün imkan yaradır.
Anar Əliyev qeyd edib ki, Dövlət Məşğulluq Agentliyi iri işəgötürənlərə tələblərinə uyğun işçi tapmaqda kömək edir və onların ehtiyaclarına uyğun peşə hazırlığı proqramları təşkil edir.
Nazirin sözlərinə görə, işğaldan azad edilmiş ərazilərdə məşğulluğun təmin olunması nazirliyin əsas prioritetlərindəndir. Nazirlik həmin ərazilərdə fəaliyyət göstərən işəgötürənlərlə hər ay görüşür, yeni iş yerləri, təklif olunan əməkhaqqı və namizədlərdən tələb edilən bacarıqlar barədə məlumat toplayır. Bu məlumatlar keçmiş məcburi köçkünlərin uyğun iş yerlərinə yönləndirilməsi üçün istifadə olunur. Namizədlərin ixtisası vakansiyaların tələblərinə uyğun gəlmədikdə isə peşə hazırlığı proqramları tətbiq edilir.
Anar Əliyev işəgötürənlərin əməkdaşlarının bilik və bacarıqlarına davamlı sərmayə qoymasının həm müəssisələrin inkişafına, həm də ölkədə işçi qüvvəsinin ixtisas səviyyəsinin yüksəlməsinə töhfə verdiyini vurğulayıb.