Bakı. Trend:
Azərbaycanda 2030-cu ilədək hər il 25 minə yaxın şəxsin peşə hazırlığına cəlb edilməsi hədəflənir. Hazırda bu göstərici ildə 18–20 min nəfərdir.
Trend-in müxbiri xəbər verir ki, bunu “Peşə Təhsili Forumu – 2026” tədbirində əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev deyib.
Nazirin sözlərinə görə, Dövlət Məşğulluq Agentliyi işsiz və işaxtaran şəxslər üçün 130-dan çox peşə və ixtisas üzrə altı ayadək davam edən kurslar təşkil edir. O bildirib ki, 2019-cu ildən peşə hazırlığında adambaşına maliyyələşmə mexanizminə keçid özəl sektorla əməkdaşlıq imkanlarını genişləndirib.
“Biz mümkün qədər çox beynəlxalq əmək bazarının tələblərinə cavab verən kadr hazırlığına diqqət yetirməliyik”, – deyə Anar Əliyev bildirib.
Nazir qeyd edib ki, beynəlxalq əmək bazarının tələbləri nəzərə alınmaqla mindən çox peşə və ixtisas standartı hazırlanaraq nazirliyin reyestrinə daxil edilib. O, biliklərin işə qəbulda, bilik və bacarıqların birlikdə isə sonrakı karyera inkişafında mühüm rol oynadığını vurğulayıb.
Anar Əliyevin sözlərinə görə, Dövlət Məşğulluq Agentliyi il ərzində 500 minə yaxın işsiz və işaxtaran şəxslə iş aparır. Peşəyönümü xidmətləri isə ildə 300 minə yaxın şəxsi əhatə edir. Nazir şagirdlərin erkən yaşlardan peşələr barədə məlumatlandırılmasının və seçim edərkən öz bacarıqlarını, eləcə də əmək bazarının dəyişən tələblərini nəzərə almalarının vacibliyini qeyd edib.