Bakı. Trend:
“BakuBus”un fəaliyyətinin genişlənməsi ilə əlaqədar yaxın müddətdə daha 800 sürücünün işə götürülməsinə ehtiyac var. Hazırda şirkətdə 3 700 sürücü çalışır.
Trend-in müxbiri xəbər verir ki, bunu “Peşə Təhsili Forumu – 2026” tədbirində “Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON)” publik hüquqi şəxsin icraçı direktoru Şahin Babayev deyib.
Onun sözlərinə görə, “BakuBus”ın fəaliyyəti genişlənir, bölgələrdə yeni depolar tikilir və infrastruktur inkişaf etdirilir. Ş. Babayev sərnişinlərin təhlükəsizliyi baxımından ixtisaslı sürücülərin cəlb olunmasının xüsusi əhəmiyyət daşıdığını bildirib.
AZCON-un icraçı direktoru aviasiya sahəsində də kadr tələbatına toxunub. O qeyd edib ki, AZAL-ın təyyarə parkı strategiyaya uyğun olaraq genişlənir və əsas məqsədlərdən biri yerli pilotların sayını artırmaqdır.
Şahin Babayev əlavə edib ki, rəqəmsallaşmanın və süni intellekt həllərinin tətbiqinin genişlənməsi fonunda holdinq yaxın gələcəkdə məlumat mühəndisliyi, informasiya texnologiyaları, kibertəhlükəsizlik və süni intellekt üzrə mütəxəssislərə tələbatın artacağını gözləyir.
