Bakı.Trend:
Azərbaycan və bp arasında birgə enerji layihələrinin inkişaf perspektivləri o cümlədən Azəri-Çıraq-Günəşli (AÇG) yatağında dərin qaz ehtiyatlarının işlənilməsi, eləcə də "Şahdəniz" və "Qarabağ" layihələrinin inkişafı müzakirə edilib.
Bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkə hesabında yazıb.
Onun sözlərinə görə, bp şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Cio Kristofoli ilə görüşdə bp-nin enerji infrastrukturunun elektrikləşdirilməsi məsələləri, eləcə də bərpaolunan enerji sahəsində əməkdaşlıq perspektivləri də nəzərdən keçirilib.
Qeyd edək ki, 20 sentyabr 1994-cü ildə 7 ölkədən 11 beynəlxalq neft şirkətinin iştirakı ilə AÇG yataqlarının birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında 30 illik Saziş imzalanıb. İlkin mərhələdə AÇG-dən 500 milyon ton neft hasil edilməsi hədəfi müəyyənləşdirilib.
2017-ci il sentyabrın 14-də AÇG üzrə saziş dəyişdirilərək yenidən işlənib və hasilatın pay bölgüsü haqqında yeni saziş imzalanıb. Yenilənmiş sazişlə AÇG-nin işlənmə müddəti 2050-ci ilin sonunadək uzadılıb. Eyni zamanda, SOCAR-ın iştirak payı 11,65 faizdən 25 faizə yüksəldilib və Azərbaycana çatacaq mənfəət neftinin payı 75 faiz müəyyən edilib.
2019-cu il aprelin 19-da isə “Azəri-Mərkəzi-Şərqi” (ACE) layihəsi üzrə yekun investisiya qərarı qəbul olunub. ACE platformasından ilk neft 2024-cü il aprelin 16-da hasil edilib. Layihənin istismar müddəti ərzində 300 milyon barel neft hasil edilməsi hədəflənir.
Məlumatda qeyd olunur ki, 2024-cü il sentyabrın 20-də AÇG-dən sərbəst təbii qaz hasilatı ilə bağlı saziş imzalanıb. 2026-cı il iyunun 1-dən isə AÇG-də sərbəst təbii qaz hasilatına başlanılıb.
bp-nin məlumatına görə, 1997-ci ilin noyabrında sənaye üsulu ilə işlənməyə başlanmasından 2026-cı ilin üçüncü rübünün sonunadək Azərbaycanın “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan təxminən 4,7 milyard barel neft hasil edilib.
Həmin dövrdə yataqdan hasil edilən təxminən 63 milyard kubmetr səmt qazı da dövlətə təhvil verilib.
2026-cı ilin ilk doqquz ayında AÇG-də neft hasilatı təxminən 87 milyon barel təşkil edib. 2025-ci ilin müvafiq dövründə bu göstərici 89 milyon barel olub. Beləliklə, neft hasilatı illik müqayisədə 2,25 faiz azalıb.
AÇG üzrə hasilatın pay bölgüsü sazişinin iştirakçıları adından layihənin operatoru BP Exploration (Caspian Sea) Limited şirkətidir.
AÇG layihəsində iştirak payları aşağıdakı kimi bölüşdürülüb: bp (operator) – 30,37%, SOCAR – 35,30%, MOL – 9,57%, INPEX – 9,31%, ExxonMobil – 6,79%, TPAO – 5,73% və ONGC Videsh – 2,92%.
“Şahdəniz” yatağı isə Xəzər dənizinin dərinsulu şelfində, Bakıdan 70 kilometr cənub-şərqdə yerləşir və 140 kvadrat kilometrdən çox sahəni əhatə edir. 1999-cu ildə kəşf edilən yatağın ehtiyatları ilkin hesablamalara görə təxminən 1 trilyon kubmetr qaz və 2 milyard barel kondensat təşkil edir.
Yatağın işlənməsi mərhələli şəkildə həyata keçirilib. 2003-cü ildə birinci mərhələ üzrə yekun investisiya qərarı verilib və 2006-cı ildə kommersiya hasilatına başlanılıb. 2013-cü ildə isə “Şahdəniz 2” layihəsi təsdiqlənib və 2018-ci ildən hasilata daxil olub.
Hazırda layihənin inkişafı növbəti mərhələdə – kompressiya layihəsi çərçivəsində davam etdirilir. 2,9 milyard dollar dəyərində olan bu layihə yataqda aşağı təzyiqli qaz ehtiyatlarının hasilatını artırmağı hədəfləyir və əlavə təxminən 50 milyard kubmetr qazın əldə olunmasına imkan yaradacağı gözlənilir.