Bakı. Trend:
Hər il peşə təhsili müəssisələrindən təxminən 600 tələbə dəmir yollarında təcrübəyə cəlb olunur. Proqramı uğurla başa vuranlar xüsusi texniki bacarıqlar tələb edən vəzifələr üzrə işlə təmin olunurlar.
Trend-in müxbiri xəbər verir ki, bunu “Peşə Təhsili Forumu – 2026” tədbirində “Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON)” publik hüquqi şəxsin icraçı direktoru Şahin Babayev deyib.
Ş. Babayev bildirib ki, holdinq informasiya texnologiyaları üzrə mütəxəssis tələbatını qarşılamaq üçün Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Elm və Təhsil Nazirliyi ilə birgə “Rəqəmsal körpü” təcrübə proqramını həyata keçirir. İlk mərhələdə 1 000 namizəd arasından 110 nəfər seçilib, ikinci mərhələdə isə 103 nəfər proqramı uğurla başa vurub.
Onun sözlərinə görə, ilk iki mərhələ üzrə ümumilikdə 213 nəfər təcrübəni bitirib. Proqramı uğurla başa vuranların demək olar ki, hamısı holdinqin tabeliyindəki müəssisələrdə işlə təmin olunur. Artıq üçüncü mərhələyə də başlanılıb.
Şahin Babayev əlavə edib ki, 2026-cı ilin mayında Azərbaycan Texniki Universitetinin dəstəyi və Münhen Texniki Universitetinin akademik dəstəyi ilə yaradılan AZSET təşəbbüsünün əsas məqsədi informasiya texnologiyaları üzrə mütəxəssislər hazırlamaqdır. İlk mərhələdə 30 tələbə qəbul olunub.