Bakı. Trend:
Mədəniyyət sahəsində maliyyə və digər problemlərin həlli, layihələrin düzgün istiqamətləndirilməsi üçün Mədəniyyət və Maliyyə nazirlikləri ziyalıların, sənət adamlarının fikirlərini mütəmadi öyrənməli və onların təcrübəsindən istifadə etməlidir.
Trend-in tədbirdəki müxbirinin xəbərinə görə, bunu Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli “Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışından irəli gələn prioritetlər: Mədəniyyətlərarası dialoq və Azərbaycanın mədəni diplomatiyası” mövzusunda ictimai müzakirədə deyib.
Fərhad Bədəlbəyli bildirib ki, Mədəniyyət Nazirliyinin fəaliyyətində maliyyə problemləri də nəzərə alınmalıdır. Rektor bu baxımdan müzakirələrdə Maliyyə Nazirliyinin nümayəndəsinin də iştirak etməsinin vacibliyini vurğulayıb.
F.Bədəlbəylinin sözlərinə görə, Maliyyə Nazirliyinin nümayəndələri teatra və konsertlərə çox nadir hallarda gedirlər, mədəniyyət sahəsi ilə bağlı təsəvvürləri isə bəzən toy müğənniləri və şou-biznes nümayəndələri ilə məhdudlaşır.
O, Mədəniyyət komitəsinin fəallığını müsbət qiymətləndirərək balet sənətçilərinin pensiya təminatı ilə bağlı problemi diqqətə çatdırıb.
“Baletlə bağlı pensiya məsələsi həll olunmur. 55 yaşında insan balet oynaya bilərmi? Belə elementar məsələlər var və bu problem hələ də qalır”, – deyə rektor bildirib.
F.Bədəlbəyli qeyd edib ki, sovet dövründə Mədəniyyət Nazirliyinin yanında fəaliyyət göstərən kollegiyanın tərkibinə görkəmli mədəniyyət xadimləri daxil edilirdi:
“Həmin kollegiyada maestro Niyazi, Qara Qarayev, Fikrət Əmirov və Rəsul Rza kimi tanınmış sənətkarlar təmsil olunurdular. Hər hansı layihə müzakirə edilərkən yalnız nazirlik əməkdaşları və məmurlar deyil, məhz həmin görkəmli ziyalılar istiqamət verirdilər”.
Rektor bu təcrübənin yenidən tətbiq edilməsini, ziyalıların Mədəniyyət Nazirliyinin fəaliyyətindən kənarda qalmamasını vacib sayıb.
“İstərdim ki, ziyalılar Mədəniyyət Nazirliyindən uzaq olmasın. Hər hansı layihə ilə bağlı, məsələn, xaricdə tədbir keçirmək nəzərdə tutulursa, gəlin, məsləhətləşin”, – deyə o bildirib.
F.Bədəlbəyli vurğulayıb ki, Azərbaycan sənət adamları uzun illərdir Avropa və ABŞ-da fəaliyyət göstərir, müxtəlif ölkələrin mədəni mühitini, sərgi və tədbirlərin təşkili üçün uyğun məkanları yaxşı tanıyırlar. Buna görə də onların təcrübəsindən istifadə edilməsi, fikirlərinə daha diqqətlə yanaşılması mühüm əhəmiyyət daşıyır.
O, Azərbaycanın mədəniyyət nümayəndələrinin xaricdə qazandığı uğurlara da toxunub. Rektor bildirib ki, Azərbaycan soyadları beynəlxalq mədəniyyət mühitində tez-tez səslənir, bəstəkar Firəngiz Əlizadənin əsərləri dünyanın müxtəlif ölkələrində ifa olunur.
F.Bədəlbəyli rəssam Fərhad Xəlilovun Londonda keçirilən sərgilərini də xatırladaraq həmin sərgilərdə iştirak etdiyini və əsərlərə böyük maraq göstərildiyini deyib. O əlavə edib ki, Azərbaycan ifaçıları da dünyanın ən məşhur qalereya və səhnələrində uğurlu çıxışlar edirlər.
Bununla belə, rektor əldə olunan uğurların kifayət etmədiyini vurğulayıb və Milli Məclisin Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlunun səsləndirdiyi fikirlərlə razılaşdığını bildirib.
“Bizi həmişə tərifləmək, tərifnamə vermək heç bir şey qazandırmayacaq. Tənqidlə yanaşmaq ən doğru yoldur”, – deyə o qeyd edib.
F.Bədəlbəyli öz müəllimi olan dahi pianoçunun sənətkarların inkişafı ilə bağlı tövsiyəsini də bölüşüb. Onun sözlərinə görə, müəllimi konsertdən sonra ifaçıları sadəcə tərifləməməyi, əksinə, onların çıxışını dinləyərək tənqidi fikirlərə diqqət yetirməyi məsləhət görürdü.
Rektor bildirib ki, müəlliminin fikrincə, insan yalnız çatışmazlıqlarını eşidib üzərində işlədikdə inkişaf edə bilər. Yaxınların əsassız tərifləri isə sənətkarın inkişafına mane olur.
O, bu baxımdan həm Maliyyə, həm də Mədəniyyət nazirliklərinin vaxtaşırı mədəniyyət xadimlərinin fikirlərini öyrənməsinin vacibliyini vurğulayıb.