Dublin. Trend:
Avropa innovasiya potensialını gücləndirmək və rəqabət qabiliyyətini artırmaq üçün texnoloji nailiyyətlərdən daha fəal istifadə etməli, eyni zamanda ixtisaslı kadrlara və güclü sahibkarlıq sektoruna arxalanmalıdır.
Trend-in xüsusi müxbiri xəbər verir ki, bunu İrlandiyanın Baş naziri Mixol Martin Dublində keçirilən Avropa Siyasi Birliyinin (ASB) sammitinin yekunlarına dair açıqlamasında bildirib.
"Biz hamımız Avropanın rəqabət qabiliyyətinə diqqət yetirməyin zəruriliyini qəbul edirik. Bununla belə, güclü tərəflərimizi – innovasiya qabiliyyətimizi, insanlarımızın bacarıqlarını, eləcə də sahibkarlıq sektorunun gücünü və dinamizmini unutmamalıyıq", – deyə o bildirib.
Martinin sözlərinə görə, sammit iştirakçıları Avropa ölkələrinin innovasiya imkanlarını gücləndirmək üçün texnoloji nailiyyətlərdən istifadə etməyə sadiq olduqlarını təsdiqləyiblər.
O, həmçinin demokratik proseslərə qarşı yönələnlər də daxil olmaqla, hibrid təhdidlərə qarşı mübarizədə daha sıx əməkdaşlığın zəruriliyini qeyd edib.
Baş nazir vurğulayıb ki, Avropa ölkələri təcrübə mübadiləsi aparmalı, fikir ayrılıqları yaratmaq və ictimai etimadı sarsıtmaq cəhdlərindən demokratik institutları birgə qorumalıdırlar.
Bundan əlavə, Martin Ukraynaya dəyişməz dəstəyini bir daha təsdiqləyib və sülhə ən qısa zamanda nail olunacağına ümidvar olduğunu bildirib.