Bakı.Trend:
Böyük Britaniya Orta Dəhlizin mühüm logistika qovşaqlarından birinə çevrilə biləcək Naxçıvanın nəqliyyat-logistika potensialının inkişafında maraqlıdır.
Trend-in müxbirinin verdiyi məlumata görə, bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Dunkan Norman çərşənbə axşamı Bakıda keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, iki həftə əvvəl Naxçıvana ilk səfəri zamanı Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi və Naxçıvan Muxtar Respublikasının Baş naziri ilə görüşlər keçirib. Tərəflər praktiki əməkdaşlığın dörd istiqamətini – logistika, energetika, turizm və kənd təsərrüfatını müzakirə ediblər.
“Naxçıvan Orta Dəhlizdə logistika qovşağına çevrilmək üçün real potensiala malikdir”, – deyə Norman qeyd edib.
Diplomat vurğulayıb ki, Britaniya şirkətləri dəmir yolu infrastrukturunun modernləşdirilməsi, layihələrin idarə olunması və siqnalizasiya sistemləri sahəsində böyük təcrübəyə malikdir.
Səfirin sözlərinə görə, Böyük Britaniyanın ticarət komandası bu sahədə müzakirələrin davam etdirilməsi məqsədilə britaniyalı dəmir yolu mütəxəssislərinin tanışlıq səfərini təşkil edəcək.
Bundan əlavə, Böyük Britaniyanın "Chapman Taylor" şirkəti Naxçıvan şəhərinin inkişafı üzrə 20 illik baş plan hazırlayır.
“Britaniya ekspertizası artıq Naxçıvanın gələcəyinin formalaşmasına töhfə verir”, – deyə Norman bildirib.