Bakı.Trend:
Böyük Britaniya Cənubi Qafqazda sülh prosesində əldə olunan irəliləyişi alqışlayır və regionda davamlı sülhün təmin olunması üçün dialoq və əməkdaşlığın davam etdirilməsini mühüm şərt hesab edir.
Trend-in müxbirinin verdiyi məlumata görə, bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Dunkan Norman çərşənbə axşamı Bakıda keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, ötən il ərzində Cənubi Qafqazda sülh gündəliyinin təşviqi istiqamətində mühüm irəliləyiş əldə olunub.
Səfir müsbət addımlar sırasında sərhədyanı əlaqələrin inkişafına yönəlmiş “Sülh Körpüsü” təşəbbüsünü, sərhədlərin delimitasiyası prosesinin davam etdirilməsini, Azərbaycanın Ermənistana yanacaq tədarükünü, eləcə də "AzerTelecom" və "Telecom Armenia" arasında əldə olunmuş razılaşmanı qeyd edib.
“Davamlı və uzunmüddətli sülhün təmin edilməsi üçün bu dinamikanın dialoq və əməkdaşlıq vasitəsilə qorunub saxlanması mühüm əhəmiyyət daşıyır”, – deyə Norman vurğulayıb.
Diplomat qeyd edib ki, Cənubi Qafqaz daha sülhsevər və qarşılıqlı əlaqələrin genişləndiyi gələcəyə doğru irəlilədiyi bir vaxtda Böyük Britaniya ilə Azərbaycan arasındakı tərəfdaşlıq xüsusi əhəmiyyət kəsb edir.