Bakı. Trend:
Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti noyabrın 14–15-də Argentinanın paytaxtı Buenos-Ayresdə keçirilən Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) İcraiyyə Komitəsinin 62-ci iclasında iştirak edib.
Bu barədə Baş Prokurorluqdan məlumat verilib.
Müxtəlif ölkələrin prokurorluq orqanlarının rəhbər şəxslərinin və Assosiasiyanın nümayəndələrinin qatıldığı iclasda təşkilatın fəaliyyəti, rəhbər orqanlarının formalaşdırılması, prokurorlar arasında beynəlxalq əməkdaşlığın inkişaf istiqamətləri və qarşıdakı dövr üçün əsas prioritetlər müzakirə olunub.
BPA-nın prezidenti Xuan Bautista Mahikesin Argentinanın ədliyyə naziri təyin edilməsi ilə əlaqədar keçirilən səsvermə nəticəsində yeni prezident seçilənədək bu vəzifənin icrası müvəqqəti olaraq İcraiyyə Komitəsinin üzvü Məhəmməd Həsənə həvalə edilib.
İclasın gündəliyinə İcraiyyə Komitəsinin tərkibi, təşkilatın rəhbər vəzifələrində nəzərdə tutulan dəyişikliklər, Nizamnamə və daxili prosedurların təkmilləşdirilməsi, maliyyə və təşkilati işlər, beynəlxalq və regional tədbirlərin təşkili ilə bağlı məsələlər daxil edilib.
Tədbirdə rəhbər vəzifələrə təklif olunan yeni namizədlərə də baxılıb. Müvafiq olaraq Avstriya və Şotlandiyanın prokurorluq sistemlərində müxtəlif rəhbər vəzifələrdə çalışmış İnqrid Maşl-Klauzen Assosiasiyanın baş katibi, Endryu Riçardson isə baş müşaviri vəzifəsinə namizəd irəli sürülüb.
Həmin namizədlər Assosiasiyanın noyabrın 16-da hibrid formatda keçirilən Ümumi Yığıncağında bu vəzifələrə təsdiqləniblər.
Ümumi Yığıncaqda Assosiasiyanın fəaliyyəti barədə hesabatla çıxış edən qurumun baş müşaviri Tarika Cayaratne 2026-cı ilin iyununda Azərbaycana səfəri çərçivəsində Milli Aviasiya Akademiyasında keçirilmiş “Rəqəmsal sübutlar və kibercinayətlər üzrə cinayət təqibi” mövzusunda təlimi yüksək qiymətləndirib. O, təşəbbüsü beynəlxalq prokuror ictimaiyyəti üçün qabaqcıl təcrübə və gələcəkdə analoji tədbirlərin təşkili baxımından uğurlu nümunə kimi qeyd edib.
İcraiyyə Komitəsinin iclasında Assosiasiyanın beynəlxalq əlaqələrinin genişləndirilməsi, üzvlər arasında təcrübə mübadiləsi, prokurorların peşə hazırlığı, BPA-nın ixtisaslaşdırılmış şəbəkələrinin fəaliyyəti, təlim proqramlarının inkişafı və qarşıdakı illərdə keçiriləcək beynəlxalq tədbirlər də müzakirə olunub.
Tədbirdə BPA-nın vitse-prezidenti qismində iştirak edən Kamran Əliyev Azərbaycanın Assosiasiyanın fəaliyyətində fəal iştirak etdiyini və təşkilatın inkişafına mühüm əhəmiyyət verdiyini diqqətə çatdırıb.
Qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar çərçivəsində prokurorluq orqanlarının fəaliyyətinin müasir dövrün tələblərinə uyğunlaşdırılması, beynəlxalq hüquqi əməkdaşlığın genişləndirilməsi, cinayətkarlığın ənənəvi və yeni təzahürlərinə qarşı mübarizənin gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər görülür.
Bu xüsusda, 2024-cü ildə Bakıda BPA-nın 29-cu illik konfransının yüksək səviyyədə təşkili və Azərbaycanın Assosiasiyanın rəhbər orqanlarında təmsilçiliyi ölkəmizin bu platforma ilə səmərəli əməkdaşlığının göstəricisi kimi vurğulanıb.
İclas zamanı prokurorluq orqanları arasında beynəlxalq əməkdaşlığın gücləndirilməsi, transmilli cinayətkarlıqla mübarizədə müasir çağırışlar və peşəkar əlaqələrin inkişafı barədə fikir mübadiləsi aparılıb. Azərbaycan nümayəndə heyətinin rəhbəri ayrı-ayrı xarici həmkarları ilə görüşlər keçirib.
Baş prokuror Azərbaycanın Argentinadakı səfirliyini də ziyarət edib. Səfirliyin əməkdaşları ilə görüşdə ölkələr arasında müxtəlif sahələrdə əlaqələrin və əməkdaşlığın gücləndirilməsi barədə fikir mübadiləsi aparılıb.
Səfər çərçivəsində Kamran Əliyevin Argentinanın federal baş prokuroru Eduardo Kasal, Buenos-Ayres Muxtar Şəhərinin baş prokuroru Martin Lopes Savaleta və ədliyyə naziri Xuan Bautista Mahikes ilə ikitərəfli görüşləri də keçirilib.
Görüşlərdə Azərbaycanın Argentinadakı fövqəladə və səlahiyyətli səfiri Rəmzi Teymurov iştirak edib.


