Bakı. Trend:
2027-cı il üzrə dövlət büdcəsinin xərcləri 42,4 mlrd. manat proqnozlaşdırılır. Bu, cari illə müqayisədə 696,4 mln. manat çoxdur.
Bunu maliyyə naziri Sahil Babayev "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin Milli Məclisin plenar iclasında müzakirəsi zamanı bildirib.
Nazir bildirib ki, növbəti il üçün dövlət büdcəsi xərclərinin 26,4 mlrd. manatı və ya 62,3 faizi cari xərclərə, 13,8 mlrd. manatı və ya 32,5 faizi əsaslı xərclərə, 2,2 mlrd. manatı və ya 5,2 faizi dövlət borcuna xidmətlə bağlı xərclərə yönəldiləcək.
Sahil Babayevin sözlərinə görə, növbəti ildə müdafiə və milli təhlükəsizlik xərclərinə dövlət büdcəsi xərclərinin 20,8 faizi həcmində və ya 8,8 mlrd. manat məbləğində vəsait nəzərdə tutulur. Bu 2025-ci ilin icra göstəricisi ilə müqayisədə 748 mln. manat və ya 9,3 faiz çoxdur.
“Dövlətimizin ən önəmli prioritetlərindən biri kimi işğaldan azad edilmiş ərazilərimizdə quruculuq işlərin davam etdirilməsi üçün maliyyə təminatı tam şəkildə nəzərdə tutulub”.
Qeyd edək ki, 2027-ci ildə dövlət büdcəsinin gəlirləri 39 milyard 254 milyon manat (o cümlədən mərkəzləşdirilmiş gəlirləri 38 milyard 518 milyon 425 min manat, yerli gəlirləri 735 milyon 575 min manat), xərcləri 42 milyard 400 milyon manat (o cümlədən mərkəzləşdirilmiş xərcləri 41 milyard 664 milyon 425 min manat, yerli xərcləri 735 milyon 575 min manat) proqnozlaşdırılır.
Son nəticədə dövlət büdcəsində 3 milyard 146 milyon manat kəsir yaranmalıdır. Bu isə illik müqayisədə 1,7% çoxdur.
2027-ci ildə Azərbaycanın icmal büdcəsinin gəlirlərinin isə 47 milyard 619,2 milyon manat, xərclərinin isə 50 milyard 377,1 milyon manat olacağı gözlənilir.
Bunlar 2026-cı ilin təsdiq olunmuş proqnozlarına nisbətən müvafiq olaraq 5,9% və 3,1% çoxdur.
Nəticədə, icmal büdcədə 2 milyard 757,9 milyon manat kəsir yaranmalıdır. Bu isə illik müqayisədə 28,7% azdır.