Bakı.Trend:
Avqustun əvvəlindən etibarən Yəməndə döyüşlərin şiddətlənməsi nəticəsində 340 mindən çox insan məcburi köçkün düşüb.
Bu barədə BMT-nin strukturuna daxil olan Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) məlumat yayıb.
“Yəməndə davam edən döyüşlər və artan qeyri-sabitlik səbəbindən 340 mindən çox insan evlərini tərk etmək məcburiyyətində qalıb”, – deyə BMqT bildirib.
Məcburi köçkünlərin demək olar ki, hamısı üç vilayətin sakinləridir: Taiz (224 819 nəfər və ya 66%), Ləhhəc (72 018 nəfər və ya 21%) və Əl-Hodeydə (40 782 nəfər və ya 12%).
“Davam edən döyüşlər, təhlükəsizliyin olmaması və nəqliyyat yollarına tətbiq edilən məhdudiyyətlər böhranı daha da dərinləşdirir. Ən zəruri ləvazimatların çatdırılması gecikir, humanitar təşkilatların əməkdaşlarının ehtiyacı olan insanlara çatması isə getdikcə çətinləşir”, – deyə BMqT qeyd edib.
Öz növbəsində, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR) toqquşmaların Yəmənin cənub-qərbində yerləşən Ləhhəc vilayətindəki Xərəz qaçqın düşərgəsinə çatması barədə məlumatlardan ciddi narahatlıq ifadə edib.
Qurumun bildirdiyinə görə, bu vəziyyət təxminən 9,6 min qaçqını daha böyük təhlükə ilə üz-üzə qoyur. Təhlükəsizlik vəziyyətinin pisləşməsi artıq yüzlərlə ailəni döyüşlərdən qaçmağa məcbur edib. Döyüşlər UNHCR və onun tərəfdaşlarının müdafiə və humanitar yardım göstərmək imkanlarını daha da məhdudlaşdırır.