Bakı. Trend:
Azərbaycanın strateji valyuta ehtiyatları illik ümumi daxili məhsulun (ÜDM) həcmindən çoxdur və xarici dövlət borcunu təqribən 20 dəfə üstələyir.
Trend-in müxbirinin xəbərinə görə, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisin bugünkü plenar iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deyib.
Nazir bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən illərdə əldə edilmiş iqtisadi nəticələr ölkə qarşısında duran strateji vəzifələrin həllinə yönəldilib. Onun sözlərinə görə, müdafiə qabiliyyətinin gücləndirilməsi, işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işlərinin aparılması, sosial paketlərin reallaşdırılması və əhalinin rifahının yüksəldilməsi ölkənin öz resursları hesabına təmin edilib.
“Ən mühüm məqam ondan ibarətdir ki, bu vəzifələr borclanmaya müraciət edilmədən, ölkənin öz resursları hesabına həyata keçirilib”, – deyə M.Cabbarov vurğulayıb.
İqtisadiyyat naziri qeyd edib ki, ölkə iqtisadiyyatının neft-qaz sektorundan asılılığı ardıcıl olaraq azalır. Cari ilin ilk 10 ayında ÜDM-in artımı bütövlükdə qeyri-neft-qaz sektoru hesabına təmin olunub. 2025-ci ildə qeyri-neft-qaz sektorunun nominal ÜDM-də payı 71,5 faizə çatıb.
Onun sözlərinə görə, iqtisadiyyatın şaxələndirilməsi dövlət büdcəsinin gəlirlərinin strukturunda da özünü göstərir. Belə ki, qeyri-neft-qaz daxilolmalarının büdcə gəlirlərində payı 2021-ci ildəki 49 faizdən cari ilin ilk 10 ayında 55 faizdən çoxa yüksəlib.
“Büdcənin qeyri-neft-qaz gəlirlərinin 63 faizdən çoxu qeyri-neft-qaz sektorundan daxil olan vergilər hesabına formalaşır”, – nazir bildirib.
M.Cabbarovun sözlərinə görə, dövlət büdcəsinin qeyri-neft-qaz daxilolmaları 2021-ci ildə 12,9 milyard manat təşkil etdiyi halda, 2026-cı ilin təsdiq olunmuş büdcəsində bu göstərici 22,2 milyard manat nəzərdə tutulub.
O, qeyri-neft-qaz sektorundan vergi daxilolmalarının 13 faizdən çox artdığını, 2018-ci ildən bəri ƏDV ödəyicilərinin sayının 3,5 dəfə yüksəldiyini diqqətə çatdırıb.
Nazir özəl sektorun məşğulluqda rolunun artmasını da iqtisadi islahatların nəticələrindən biri kimi qiymətləndirib. Bildirib ki, qeyri-neft-qaz özəl sektorunda əmək müqavilələrinin sayı 2 dəfədən çox artıb, bu sektorun ümumi əmək müqavilələrində payı isə 2018-ci ildəki 39 faizdən 57 faizə yüksəlib.
“8 il öncə vergi islahatı paketi təqdim edilərkən məhz bu nəticələr proqnozlaşdırılırdı”, – M.Cabbarov qeyd edib.
İxracın şaxələndirilməsinə toxunan nazir bildirib ki, 2018-ci illə müqayisədə qeyri-neft-qaz ixracının 2,5 dəfə artacağı gözlənilir. Cari ilin yekunlarına görə, qeyri-neft-qaz mallarının ixracının 4,2 milyard ABŞ dollarını üstələyəcəyi proqnozlaşdırılır.
Onun sözlərinə görə, Azərbaycan şirkətlərinin beynəlxalq bazarlara çıxması gəlir mənbələrinin şaxələndirilməsinə, dövlət şirkətlərinin fəaliyyətinin isə büdcə üçün əlavə gəlir mənbələrinin formalaşmasına töhfə verir.
M.Cabbarov sənaye zonalarının da qeyri-neft-qaz ixracında rolunu vurğulayıb. Qeyd edib ki, onların qeyri-neft-qaz sənayesi ixracında payı 23 faizdən çoxdur. Eyni zamanda, 2022–2026-cı illərdə qeyri-neft-qaz sənayesində orta illik artımın 6 faizə yaxın olacağı gözlənilir.
Nazir sahibkarlar üçün dövlət dəstəyi mexanizmlərinin genişləndirilməsinin nəzərdə tutulduğunu bildirib. Onun sözlərinə görə, dövlətin investisiya layihələrində rolu dəyişir: dövlət birbaşa investordan daha çox riskləri bölüşən tərəfdaşa çevrilir.
Bu baxımdan daxili tələbin strukturunun dəyişdirilməsi və yerli istehsalın dövlət satınalmalarında payının artırılması xüsusi əhəmiyyət daşıyır. M.Cabbarov ixracyönümlü inkişafın sürətləndirilməsini strateji vəzifə kimi qiymətləndirib və prioritet ixrac sahələrinin bir çoxunun 2026-cı ildə qəbul edilən üç Dövlət Proqramında əhatə olunduğunu bildirib.
O, xidmətlər ixracının da böyük potensiala malik olduğunu vurğulayıb. Bu istiqamətdə nəqliyyat və logistika, maliyyə xidmətləri, turizm, informasiya texnologiyaları və data mərkəzlərini perspektivli sahələr kimi qeyd edib.
İqtisadiyyat naziri Azərbaycanın beynəlxalq iqtisadi əlaqələrinin genişləndirilməsinin ixrac imkanları baxımından əhəmiyyətinə də diqqət çəkib. Onun sözlərinə görə, Prezident İlham Əliyevin fəal xarici iqtisadi diplomatiyası ölkənin mühüm üstünlüklərindən biridir. Azərbaycan həm qonşu ölkələrlə, həm də ümumi sərhədi olmayan çoxsaylı dövlətlərlə strateji tərəfdaşlıq münasibətləri qurub.
M.Cabbarov hesab edir ki, yaxın illərdə prioritet ixrac bazarları müəyyənləşdirilməli, həmin ölkələrlə sərbəst və ya güzəştli ticarət rejiminin yaradılması istiqamətində işlər aparılmalıdır.
Uzunmüddətli maliyyələşmə imkanlarından danışan nazir vençur və kraudfandinq mexanizmləri üçün qanunvericilik çərçivəsinin formalaşdırıldığını bildirib. Kapital və kriptoaktivlər bazarları üzrə yeni tənzimləyici çərçivənin yaradılması istiqamətində də tədbirlər görülür.
Onun sözlərinə görə, strateji ehtiyatların bir hissəsinin ölkə iqtisadiyyatının uzunmüddətli maliyyələşməsinə səmərəli şəkildə cəlb edilməsi mühüm vəzifələrdəndir. Bununla yanaşı, innovasiya, startap və texnologiya parkları üçün 20 ilədək vergi güzəştləri nəzərdə tutulur.
M.Cabbarov Ələt Azad İqtisadi Zonasının imkanlarına da toxunaraq, burada istehsal olunan məhsulların daxili bazara gömrük rüsumu tətbiq edilmədən çıxarılacağını bildirib.
Nazir əlavə edib ki, iqtisadi artım və büdcə proqnozlarının hazırlanmasında son illərdə həyata keçirilən fiskal optimallaşdırma prinsipləri əsas götürülüb. 2030-cu ildə qeyri-neft-qaz sektorunun ÜDM-də payının 82 faizə yüksələcəyi proqnozlaşdırılır.
M.Cabbarovun çıxışında Azərbaycanın xarici iqtisadi əlaqələrinin, ixrac potensialının, yerli istehsalın və uzunmüddətli maliyyələşmə imkanlarının genişləndirilməsi növbəti illərin əsas iqtisadi prioritetləri kimi təqdim olunub.