Bakı.Trend:
108 yaşlı amerikalı Süzan Yanq Braun uzunömürlülüyün vacib vərdişlərindən birini açıqlayıb.
Bu barədə “Peterburq2” nəşri məlumat yayıb.
Uzunömürlü qadın xüsusilə ayaq əzələlərinin möhkəmləndirilməsinə diqqət yetirir. Ev şəraitində yerinə yetirilə bilən sadə hərəkətlərə divarın yanında bir ayaq üstə dayanmaq və dizləri bükərək kürəyi divara söykənmiş vəziyyətdə qalmaq daxildir.
Birinci hərəkət zamanı bir ayağı yüngülcə yuxarı qaldıraraq 5–10 saniyə ərzində tarazlığı qorumaq, sonra isə hər iki ayaq üçün bu hərəkəti üç dəfə təkrarlamaq lazımdır. İkinci hərəkətdə isə kürəyi divara söykəyərək dizləri bir qədər bükmək və bu vəziyyətdə 5–10 saniyə qalmaq tövsiyə olunur. Hərəkəti 2–3 dəfə təkrarlamaq lazımdır.
Braunun təcrübəsinin əsas məğzi ondan ibarətdir ki, qısa müddətli, lakin müntəzəm fiziki aktivlik ağır məşqlərə ehtiyac olmadan davamlı vərdişə çevrilə bilər. O vurğulayıb ki, ayaq əzələlərinin güclü olması yerimək, pilləkən qalxmaq, stuldan ayağa qalxmaq və tarazlığı qorumaq üçün vacibdir.