Bakı. Trend:
Orta Dəhlizin əhəmiyyətini artırmaq üçün təkcə fiziki infrastruktura investisiyalar deyil, həm də gömrük və sərhəd prosedurlarının uyğunlaşdırılması, sənəd dövriyyəsinin sadələşdirilməsi və rəqəmsallaşma zəruridir.
Bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) Yaxın Şərq və Mərkəzi Asiya Departamentinin direktor müavini Roberto Kardarelli Trend-ə müsahibəsində bildirib.
Onun sözlərinə görə, Orta Dəhliz çərçivəsində qarşılıqlı bağlantı böyük əhəmiyyət kəsb edir. Mərkəzi Asiya və Qafqaz strateji coğrafi mövqeyə malik olmaqla, Şərqlə Qərb, Avropa ilə Çin, eləcə də Şərqi Asiya arasında bir növ körpü rolunu oynayır. 2022-ci ildə başlayan Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərqdəki münaqişələr, ticarət müharibələri və cari ildə baş verən digər hadisələr fonunda bu mövqenin əhəmiyyəti daha da artıb.
O qeyd edib ki, son dörd-beş il ərzində Orta Dəhliz üzrə daşımaların həcmi kifayət qədər sürətlə – üç dəfədən çox artıb.
“Orta Dəhlizin Şimal və Cənub marşrutları ilə yanaşı daha əhəmiyyətli marşruta çevrilməsi üçün onun təkmilləşdirilməsi potensialı mövcuddur. Bunun üçün avtomobil və dəmir yolları, boru kəmərləri kimi infrastruktur zəruridir”, - deyə Kardarelli bildirib.
Bununla yanaşı, onun sözlərinə görə, Orta Dəhlizin potensialını tam reallaşdırmaq üçün yalnız fiziki infrastruktur kifayət deyil. Region ölkələri sadəcə yüklərin daşınması üçün tranzit əraziyə çevrilməkdə maraqlı deyillər. Nəqliyyat marşrutlarının inkişafından ticarət xərclərinin azaldılması, ticarətin asanlaşdırılması, investisiyaların cəlb edilməsi və iqtisadiyyatın şaxələndirilməsi üçün istifadə etmək vacibdir.
“Ticarət xərclərini azaltmaq məqsədilə gömrük və sərhəd prosedurları uyğunlaşdırılmalı, malların bir ölkədən digərinə daşınması üçün tələb olunan sənədləşmə prosesi sadələşdirilməli, həmçinin rəqəmsallaşma və yeni texnologiyaların imkanlarından istifadə edilməlidir”, - deyə Kardarelli bildirib.
O, həmçinin qeyd edib ki, nəqliyyat bağlantılarının inkişafından asılı olmayaraq region ölkələrinin həyata keçirməli olduğu struktur islahatları logistika infrastrukturuna yatırılan investisiyaların səmərəliliyini əhəmiyyətli dərəcədə artıra bilər.
“Özəl sektorun inkişafına və dövlət idarəçiliyinin təkmilləşdirilməsinə yönəlmiş bütün islahatlar bu investisiyalardan səmərəli nəticə əldə etməyə kömək edəcək. Bu, həm Çin-Qırğızıstan-Özbəkistan dəmir yoluna, həm də energetika və elektrik enerjisi ilə bağlı bütün infrastruktura aiddir. Bütün struktur investisiyaları real fayda verməsi üçün müvafiq struktur islahatları ilə müşayiət olunmalıdır”, - deyə Kardarelli bildirib.
Azərbaycan iqtisadiyyatının şaxələndirilməsindən danışan Kardarelli qeyd edib ki, xammal sektoru ilə əlaqəli olmayan mal və xidmətlər hesabına ixracın genişləndirilməsi iqtisadiyyatın xarici şoklara qarşı dayanıqlığının artırılması baxımından mühüm əhəmiyyət daşıyır.
“Konkret istiqamətlərə gəldikdə isə, burada, əlbəttə ki, beynəlxalq ticarətdə rolu daim artan həm mallar, həm də xidmətlər nəzərdə tutulur. Bu, konkret ölkədən çox asılıdır. Lakin ümumi nəticə ondan ibarətdir ki, ticarətin şaxələndirilməsi həm iqtisadiyyatın dayanıqlığı, həm də onun uzunmüddətli inkişafı üçün vacibdir”, - deyə o bildirib.
Bununla yanaşı, Kardarelli ticarətin şaxələndirilməsindən uzunmüddətli fayda əldə etmək üçün struktur islahatlarının zəruri olduğunu vurğulayıb.
“Əvvəl də qeyd etdiyim kimi, məsələn, insan kapitalının keyfiyyətinin yüksəldilməsinə və dövlət idarəçiliyinin təkmilləşdirilməsinə yönəlmiş islahatlar ixracın şaxələndirilməsi üzrə səylərin real nəticələr verməsi baxımından böyük əhəmiyyət daşıyır. Bu səylər struktur islahatları ilə paralel həyata keçirildikdə daha uğurlu olacaq”, - deyə o bildirib.
Qazaxıstanın pul-kredit siyasətini şərh edən Kardarelli inflyasiyanın yavaşlamasına və ilin əvvəlindən bəri uçot dərəcəsinin dörd dəfə azaldılmasına baxmayaraq, pul-kredit siyasətinin sərt olaraq qalmalı olduğunu qeyd edib. Onun sözlərinə görə, inflyasiya hədəf göstəricisini üstələməkdə davam edərsə, siyasətin daha da sərtləşdirilməsi tələb oluna bilər.
“Hazırda BVF-nin missiyası Qazaxıstanda fəaliyyət göstərir və bu məsələni ölkənin hökuməti və mərkəzi bankı ilə müzakirə edir. Burada söhbət yalnız faiz dərəcələrindən deyil, həm də likvidliyin səviyyəsindən gedir. Məsələn, məcburi ehtiyat normalarının tənzimlənməsi yolu ilə artıq likvidliyi udmaq mümkündür. Bu, pul-kredit siyasətinin digər tərəfidir”, - deyə Kardarelli bildirib.
Rogun Su Elektrik Stansiyasının (SES) Tacikistanın uzunmüddətli iqtisadi artımına potensial töhfəsi ilə bağlı suala cavab verən Kardarelli dəyəri ölkənin ÜDM-nin təxminən 40 faizi həcmində qiymətləndirilən layihənin miqyasını vurğulayıb.
“Bu, şübhəsiz ki, elektrik enerjisi çatışmazlığı problemini həll etməyə, elektrik enerjisinin qiymətini aşağı salmağa, həmçinin onun ixracı üçün imkanlar yaratmağa kömək edəcək mühüm layihədir. Rogun SES-in potensialının əhəmiyyətli hissəsi məhz elektrik enerjisinin qonşu ölkələrə satılması və ixracı imkanları ilə bağlıdır. Bu isə xüsusilə enerji bazarında regional inteqrasiyanın, eləcə də bir çox digər sahələrdə inteqrasiyanın vacibliyini göstərir”, - deyə o bildirib.
Kardarellinin sözlərinə görə, layihənin ixrac potensialını reallaşdırmaq üçün təkcə elektrik enerjisi istehsalı güclərinə deyil, həm də elektrik enerjisinin ötürülməsi və paylanması infrastrukturuna, o cümlədən milli enerji sistemlərinin birləşdirilməsinə investisiyalar tələb olunur.
“Elektrik enerjisinin istehsalı məsələnin yalnız birinci hissəsidir. Bundan sonra elektrik enerjisinin ötürülməsi və paylanması sistemləri lazımdır. Buna görə də milli enerji sistemlərinin birləşdirilməsini təmin etmək vacibdir. Bu, layihənin yalnız qısamüddətli deyil, həm də uzunmüddətli perspektivdə əhəmiyyətli olmasına, ölkəyə elektrik enerjisini ixrac etmək imkanı yaratmasına şərait verəcək. Bu, Tacikistanın hidroenergetika sahəsində müqayisəli üstünlüklərindən biridir”, - deyə o qeyd edib.
Bununla yanaşı, o, layihənin miqyası ilə bağlı maliyyə risklərinə də diqqət çəkib. Onun sözlərinə görə, layihənin müəyyən mərhələsində investisiya mallarının əhəmiyyətli həcmdə idxalına və maliyyələşdirmənin, o cümlədən borc vəsaitləri hesabına artırılmasına ehtiyac yaranacaq.
“Maliyyə baxımından layihəyə düzgün nəzarət edilməli və onun idarə olunması səmərəli təşkil edilməlidir. Bununla belə, layihə ölkənin uzunmüddətli iqtisadi perspektivlərini yaxşılaşdırmaq potensialına, şübhəsiz ki, malikdir”, - deyə Kardarelli vurğulayıb.