Bakı. Trend:
“SpaceX” şirkətinin noyabrın 14-də ilk dəfə uğurla ələ keçirdiyi “Starship” kosmik gəmisi sınaq uçuşundan sonra əla vəziyyətdədir və bir neçə həftə ərzində növbəti uçuşa hazır olacaq.
Bunu “SpaceX” şirkətinin təsisçisi İlon Mask bildirib.
“Bu gün “Starship”in bütün istilik qoruyucu örtüyünü yoxladım və ümumilikdə əla vəziyyətdə olduğunu gördüm. Mühərriklər də yaxşı vəziyyətdədir. Gəmi təmir işlərindən sonra bir neçə həftə ərzində yenidən uçuşa hazır olacaq”, – deyə o, “X” sosial şəbəkəsində yazıb.
Bununla yanaşı, Mask “Starship”in uçuşlar arasında uzun fasilələr olmadan təyyarə kimi fəaliyyət göstərə bilməsi üçün bir sıra təkmilləşdirmələrin həyata keçirilməsinin vacibliyini vurğulayıb.
“SpaceX” şirkəti gələcəkdə “Starship”dən “Starlink” peyklərinin daha tez-tez orbitə çıxarılması, eləcə də NASA-nın Aya missiyalarının həyata keçirilməsi üçün istifadə etməyi planlaşdırır.
Qeyd edək ki, İlon Mask daha əvvəl şirkətin ildə yüzlərlə, hətta minlərlə “Starship” uçuşu həyata keçirməyi hədəflədiyini bildirib. Bu, kosmik sənaye tarixində misli görünməmiş göstərici ola bilər.