Bakı. Trend:
Azərbaycanın son illərdə keçdiyi tarixi yol dövlətimizin gücünün, xalqımızın həmrəyliyinin və milli iradəsinin hansı böyük nəticələrə gətirib çıxara bildiyini bütün dünyaya nümayiş etdirib. Bu gün ölkəmiz beynəlxalq müstəvidə öz milli maraqlarını qətiyyətlə müdafiə edən, sözünə və mövqeyinə hörmətlə yanaşılan dövlət kimi qəbul olunur. Bu reallığın arxasında isə uzun illər ərzində həyata keçirilən ardıcıl və məqsədyönlü dövlət siyasəti, möhkəm iqtisadi təməl, güclü ordu və ən əsası, Prezident İlham Əliyevin rəhbərliyi ilə formalaşdırılan strateji inkişaf xətti dayanır.
Bu sözləri Trend-ə açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Səbinə Salmanova deyib.
Deputat bildirib ki, Yeni Azərbaycan Partiyasının VIII Qurultayında Prezident İlham Əliyevin çıxışı Azərbaycanın keçdiyi tarixi yolun nəticələrini və qarşıda duran vəzifələri bütün aydınlığı ilə ortaya qoydu:
“Dövlətimizin başçısının səsləndirdiyi fikirlər Azərbaycanın yeni reallıqlarını, regionda formalaşan siyasi mənzərəni və ölkəmizin gələcək inkişafının əsas istiqamətlərini özündə əks etdirən mühüm siyasi mesajlarla zəngin idi. Bu çıxış bir daha göstərdi ki, Azərbaycan qazandığı tarixi Zəfərlə kifayətlənmir, əldə etdiyi tarixi nəticələri qorumaq və dövlətimizin gücünü daha da artırmaq əzmi ilə yoluna davam edir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir. Bu reallıq son illər ərzində ölkəmizin qazandığı siyasi, diplomatik və iqtisadi uğurların məntiqi nəticəsidir. Azərbaycan artıq yalnız regionun aparıcı dövlətlərindən biri deyil, beynəlxalq münasibətlər sistemində öz mövqeyi, sözü və təşəbbüsləri olan nüfuzlu ölkədir. Bu nüfuzun əsasını güclü dövlətçilik modeli təşkil edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən müstəqil siyasət Azərbaycanın milli maraqlarını bütün digər amillərdən üstün tutur. Güclü iqtisadiyyat, siyasi sabitlik, geniş beynəlxalq əməkdaşlıq, enerji və nəqliyyat layihələri, fəal diplomatiya və güclü ordu Azərbaycanın beynəlxalq mövqeyini möhkəmləndirən başlıca amillərdir”.
Onun sözlərinə görə, Vətən müharibəsində Ermənistanın kapitulyasiyaya məcbur edilməsi, işğal altında olan torpaqlarımızın azad olunması və 2023-cü ildə həyata keçirilən lokal antiterror tədbirləri nəticəsində ölkəmizin suverenliyinin tam bərpa edilməsi Azərbaycan dövlətinin gücünü bütün dünyaya nümayiş etdirdi:
“Lakin tarixi Zəfərimiz heç zaman arxayınlıq yaratmamalıdır. Prezident İlham Əliyevin çıxışında hərbi gücümüzün artırılmasını əsas vəzifələrdən biri kimi müəyyənləşdirməsi də məhz bu dövlətçilik yanaşmasından irəli gəlir. Azərbaycanın hərbi qüdrəti yalnız müharibə aparmaq üçün deyil, müharibənin qarşısını almaq, sülhü və təhlükəsizliyi təmin etmək üçün lazımdır. Güclü ordu dövlət müstəqilliyinin ən etibarlı təminatlarından biridir. Azərbaycan Ordusunun Vətən müharibəsində nümayiş etdirdiyi yüksək peşəkarlıq, qəhrəmanlıq və döyüş qabiliyyəti bunun əyani sübutudur. Bu gün həmin potensial daha da inkişaf etdirilir, ordumuzun maddi-texniki bazası yenilənir, müdafiə sənayesinin imkanları genişləndirilir. Bu gün Azərbaycanla Ermənistan arasında münaqişə və müharibə yoxdur. Sərhədlərdə sakitlik hökm sürür. Sülh müqaviləsi paraflanıb, tərəflər arasında təmaslar qurulub, iqtisadi münasibətlərin yeni mərhələsi başlayıb. Azərbaycan regionda davamlı sülhün, sabitliyin və əməkdaşlığın tərəfdarı olduğunu öz siyasəti ilə nümayiş etdirir. Eyni zamanda, Azərbaycanın tarixi təcrübəsi unutdurulmamalıdır. Xalqımız Ermənistanın təcavüzkar siyasətinin ağır nəticələri ilə üzləşib. İşğal illərində yüz minlərlə soydaşımız doğma yurdlarından didərgin düşüb, şəhərlərimiz və kəndlərimiz dağıdılıb, tarixi və mədəni irsimizə qarşı misli görünməmiş vandalizm törədilib. Prezident İlham Əliyevin çıxışında bu tarixi yaddaşın qorunmasına xüsusi əhəmiyyət verməsi təsadüfi deyil. Dövlətimizin başçısının “biz bunu heç vaxt unutmamalıyıq, ayıq olmalıyıq və hər zaman, hər gün onlardan 10 qat güclü olmalıyıq” fikri gələcək təhlükəsizliyimizin əsas prinsiplərindən birini müəyyənləşdirir. Azərbaycan bu gün sülhə tərəfdardır, lakin sülhü zəiflik kimi qəbul etmir. Əksinə, Azərbaycan güclü dövlət olaraq sülh və əməkdaşlıq təşəbbüsləri irəli sürür. Gücümüz artdıqca sülh imkanlarımız da genişlənir. Dövlətimizin müdafiə qüdrəti Azərbaycanın mövqeyini də gücləndirən mühüm amildir”.
Parlamentari qeyd edib ki, Prezident İlham Əliyevin çıxışında Azərbaycanın daxili sabitliyi və xalqımızın təhlükəsizliyi ilə bağlı səsləndirdiyi fikirlər də xüsusi əhəmiyyət daşıyır:
“Bu gün Azərbaycan xalqı təhlükəsizlik, əmin-amanlıq və sabitlik şəraitində yaşayır. Ölkəmizin inkişafının, iqtisadi tərəqqisinin, sosial layihələrin həyata keçirilməsinin və Qarabağla Şərqi Zəngəzurda aparılan genişmiqyaslı quruculuq işlərinin əsas şərtlərindən biri məhz sabitlikdir. Azərbaycan öz həyat tərzini, milli-mənəvi dəyərlərini və inkişaf yolunu özü müəyyənləşdirir. Ölkəmiz heç bir dövlətin daxili işinə qarışmır və eyni münasibəti özü üçün də tələb edir. Azərbaycanın daxili məsələlərinə müdaxilə cəhdləri qəbuledilməzdir. Prezident İlham Əliyevin bu məsələdə prinsipial mövqeyi dövlətimizin müstəqil siyasətinin mahiyyətini aydın şəkildə ifadə edir. Azərbaycan xalqı bu gün öz dövlətinin gücü ilə fəxr edir. Bu fəxr hissi yalnız qazanılmış hərbi Zəfərlə məhdudlaşmır. Bu, həm də Azərbaycanın son illərdə keçdiyi böyük inkişaf yolunun nəticəsidir. İşğaldan azad edilmiş ərazilərimizdə həyatın yenidən qurulması, keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı, Qarabağ və Şərqi Zəngəzurun sürətlə bərpası Azərbaycanın Zəfərdən sonrakı quruculuq iradəsini nümayiş etdirir. Bu gün Xankəndidə, Şuşada, Xocalıda, Xocavənddə, Ağdərədə və bütün Qarabağda şanlı Azərbaycan bayrağı dalğalanır. Bir vaxtlar işğal və dağıntı ilə xatırlanan torpaqlarımız bu gün quruculuq və inkişaf məkanıdır. Bu mənzərə Azərbaycan dövlətinin gücünün, Prezident İlham Əliyevin qətiyyətinin və xalqımızın tarixi iradəsinin canlı təcəssümüdür.Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı, hər bir Azərbaycan vətəndaşı öz dövləti ilə fəxr edir. Çünki Azərbaycan bu gün öz taleyinin sahibidir, öz yolunu özü müəyyənləşdirir və gələcəyini özü qurur”.
S.Salmanova hesab edir ki, qarşıdakı mərhələdə əsas vəzifəmiz əldə etdiyimiz Zəfəri qorumaq, dövlətimizin gücünü daha da artırmaq, ordumuzu daim qüdrətli saxlamaq, sülhü möhkəmləndirmək və ölkəmizin davamlı inkişafını təmin etməkdir:
“Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayında səsləndirdiyi fikirlər bu baxımdan Azərbaycanın gələcək inkişaf kursunun mühüm siyasi istiqamətlərini müəyyənləşdirir. Güclü dövlət, qüdrətli ordu, sabit cəmiyyət, milli birlik və müstəqil siyasət Azərbaycanın təhlükəsiz gələcəyinin əsas dayaqlarıdır. Azərbaycan artıq öz gücünü tarix qarşısında sübut edib. İndi isə bu gücü daha da artırmaq, Zəfərimizi əbədi və dönməz etmək, gələcək nəsillərə daha qüdrətli Azərbaycan dövlətini miras qoymaq zamanıdır. Çünki sülhün ən etibarlı təminatı gücdür. Dövlətimiz nə qədər güclü olarsa, xalqımız da bir o qədər təhlükəsiz və əmin-amanlıq şəraitində yaşayacaq”.
