Bakı. Trend:
Noyabrın 1-dən Bakı–Tbilisi–Bakı marşrutu üzrə gündəlik qatar reyslərinin sayı 2-dən 4-ə çatdırılacaq. Əlavə reyslərin təşkili ilə sərnişin yerlərinin sayı artacaq, daha münasib qiymətə və günün müxtəlif saatlarında səyahət etmək imkanı yaranacaq. Yeni reyslərdə Bakıdan Tbilisiyə bir istiqamət üzrə biletlərin qiyməti 54 manatdan başlayacaq.
Bəs Bakı–Tbilisi–Bakı marşrutu üzrə əlavə reyslərin noyabrdan açılması, gediş haqlarının azalması və gündüz səfərlərinin təşkili payız-qış mövsümündə iki ölkə arasında turist axınına necə təsir göstərəcək? Bu dövrdə artan sərnişin tutumuna uyğun tələbat gözlənilirmi?
Mövzu ilə bağlı turizm eksperti Rəhman Quliyev Trend-ə açıqlamasında deyib ki, Bakı–Tbilisi–Bakı marşrutu üzrə əlavə qatar reyslərinin açılması və gediş haqlarının azalması payız-qış mövsümündə iki ölkə arasında turist axınının artmasına müsbət təsir göstərə bilər.
Ekspert bildirib ki, gündüz səfərlərinin təşkili sərnişinlərə daha rahat seçim təqdim etməklə qısamüddətli turizm səfərlərinə marağı artıra bilər.
“Bu imkan hər iki ölkədən olan turistlər üçün səyahəti daha əlçatan edəcək. Qiymətlərin aşağı düşməsi ailəvi səfərlərə, həftəsonu turlarına və qısamüddətli istirahət paketlərinə tələbatı stimullaşdıra bilər. Payız-qış dövründə Tbilisinin şəhər turizmi, mədəniyyət və alış-veriş imkanları Azərbaycan turistləri üçün cəlbedici olaraq qalır”, – deyə o qeyd edib.
R.Quliyevin sözlərinə görə, artan sərnişin tutumuna uyğun tələbatın formalaşması bir sıra amillərdən asılı olacaq.
“Burada qiymət siyasəti, reyslərin davamlılığı və turizm şirkətlərinin hazırladığı paketlərin rəqabət qabiliyyəti mühüm rol oynayacaq. Ümumilikdə, əlavə reyslər iki ölkə arasında turist və sərnişin mübadiləsinin daha da intensivləşməsi üçün əlverişli imkan yarada bilər”, – deyə ekspert əlavə edib.
Qeyd edək ki, noyabrın 1-dən Bakı–Tbilisi–Bakı marşrutu üzrə sərnişin yerlərinin sayı isə 386-dan 564-ə çatdırılacaq.