Bakı. Trend:
BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Fransanın Avropa və xarici işlər naziri Jan-Noel Barro ilə görüşüb.
Bu barədə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin "X" sosial şəbəkə hesabındakı paylaşımında qeyd edilib.
Bildirilib ki, nazirlər ikitərəfli gündəliyi nəzərdən keçiriblər:
"Azərbaycan–Avropa İttifaqı münasibətlərini müzakirə edib, həmçinin regional təhlükəsizlik vəziyyəti və qarşılıqlı maraq doğuran məsələlər də daxil olmaqla, əsas regional və beynəlxalq məsələlərə dair fikir mübadiləsi aparıblar".
Qeyd edək ki, Prezident İlham Əliyevin sentyabrın 23-də imzaladığı Sərəncamla Fransa vətəndaşı Martin Ryan əfv edilərək cəzasının çəkilməmiş hissəsindən azad olunub.
Fransa vətəndaşının əfvi ilə bağlı ölkənin Avropa və Xarici İşlər Nazirliyi Azərbaycan Prezidenti İlham Əliyevin qərarını alqışlayan bəyanat yayıb.
“Fransa 2023-cü ilin dekabrından Azərbaycanda həbsdə saxlanılan vətəndaşımız Martin Rianın Azərbaycan Prezidenti tərəfindən əfv edilməsi qərarını rahatlıq hissi ilə qarşılayır. Fransa bu humanitar jesti yüksək qiymətləndirir”, - deyə bəyanatda bildirilib.
Nazirlik qeyd edib ki, sözügedən qərar Azərbaycan hakimiyyəti ilə aparılan dialoqun nəticəsində qəbul olunub və Fransa bu dialoqu davam etdirmək niyyətindədir.
Bəyanatda vurğulanıb ki, bu dialoq “münasibətlərin normallaşması istiqamətində bir addım”dır.
Xatırladaq ki, Ryan Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 mart 2026-cı il tarixli hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilmişdi.