Bakı. Trend:
Səudiyyə Ərəbistanından olan iş adamlarının Şuşaya səfəri planlaşdırılır.
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bunu Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri İssam bin Saleh əl-Cuteyli Bakıda ölkəsinin Milli Günü münasibətilə keçirilən təntənəli mərasim çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
Səfir bildirib ki, hazırda iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi məqsədilə bir sıra təşəbbüslər üzərində iş aparılır. Bunlardan biri Səudiyyə Ərəbistanından iş adamlarından ibarət nümayəndə heyətinin Şuşaya və ətraf ərazilərə səfərinin təşkilidir.
“Səfərin məqsədi Azərbaycan hökumətinin həmin ərazilərdə həyata keçirdiyi irimiqyaslı layihələrlə, o cümlədən yolların və tunellərin çəkilməsi, xəstəxanaların və universitetlərin tikintisi kimi infrastruktur işləri ilə yaxından tanış olmaqdır”, – deyə diplomat vurğulayıb.
Onun sözlərinə görə, hökumət və biznes nümayəndələrindən ibarət heyətin azərbaycanlı tərəfdaşları ilə əməkdaşlığın inkişaf etdirilməsi imkanlarını müzakirə etməsi nəzərdə tutulur.
Səfir kənd təsərrüfatı, energetika, turizm, otelçilik və mədənçilik sahələrində fəaliyyət göstərən investorların Azərbaycana cəlb olunması istiqamətində çalışdıqlarını qeyd edib.
Diplomat iki ölkənin müxtəlif sahələrdə əməkdaşlığı genişləndirmək üçün ortaq imkanlara və potensiala malik olduğunu bildirib. O bu imkanlardan istifadənin hər iki ölkənin iqtisadiyyatına və xalqlarının rifahına müsbət təsir göstərəcəyini vurğulayıb.