Bakı. Trend:
Çinin Qlobal İnkişaf Təşəbbüsü çərçivəsində 70-dən çox ölkədə 23 milyard ABŞ dollarından çox vəsait səfərbər edilib və 2 mindən çox layihə həyata keçirilib.
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bunu Çinin Azərbaycandakı səfiri Lu Mey Bakıda Çin Xalq Respublikasının yaranmasının 77-ci ildönümünə həsr olunmuş qəbulda deyib.
Onun sözlərinə görə, təşəbbüs çərçivəsində praktiki əməkdaşlıq "səmərəli nəticələr" verib.
"Qlobal İnkişaf Təşəbbüsü çərçivəsində praktiki əməkdaşlıq səmərəli nəticələr verib: 23 milyard ABŞ dollarından çox vəsait səfərbər edilib və 70-dən çox ölkədə 2 mindən çox əməkdaşlıq layihəsi həyata keçirilib ki, bu da bütün dünyada 40 milyondan çox insana fayda gətirib", - deyə Lu Mey bildirib.
Səfir, həmçinin Çinin qlobal idarəetmənin təkmilləşdirilməsi istiqamətində səylərini vurğulayıb. Onun sözlərinə görə, Çin Prezidenti Si Cinpin ötən il Qlobal İdarəetmə Təşəbbüsünü irəli sürüb və qlobal idarəetmənin təkmilləşdirilməsi üçün doqquz əsas prioritet müəyyənləşdirib.
Lu Mey bildirib ki, təşəbbüs Birləşmiş Millətlər Təşkilatının və beynəlxalq ictimaiyyətin dəstəyini qazanıb.
O, həmçinin süni intellektin idarə olunması üzrə beynəlxalq mexanizmlərin inkişafını vurğulayıb. Lu Meyin sözlərinə görə, Çin süni intellektin idarə olunması üzrə Qlobal Təşəbbüs irəli sürən ilk ölkə olub.
Lu Mey bildirib ki, 2026-cı ilin iyulunda Çinin təşəbbüsü ilə Şanxayda Süni İntellekt üzrə Əməkdaşlıq üzrə Ümumdünya Təşkilatı yaradılıb.
Səfirin sözlərinə görə, bu təşkilat süni intellektin idarə olunması üzrə ixtisaslaşan ilk beynəlxalq təşkilatdır və süni intellektin bütün ölkələrin, xüsusilə də inkişaf etməkdə olan ölkələrin faydalanması naminə inkişafını təşviq etmək məqsədi daşıyır.
Bundan əlavə, Lu Mey vurğulayıb ki, süni intellekt sahəsində beynəlxalq əməkdaşlıq bütün ölkələr üçün süni intellektin inkişafından faydalanmaq baxımından bərabər imkanları təmin etməlidir.