Bakı. Trend
Azərbaycan bərpa olunan energetikanı fəal şəkildə inkişaf etdirməyə, həmçinin yeni transsərhəd enerji və “yaşıl” dəhlizlər formalaşdırmağa davam edir.
Trend-in tədbirdən olan müxbirinin məlumatına görə, bunu Azərbaycan energetika nazirinin müavini Orxan Zeynalov İslam İnkişaf Bankı Qrupunun Özəl Sektor üzrə 14-cü Forumu çərçivəsində bildirib.
“Ölkədə bərpa olunan enerji mənbələrinin və sistemlərarası bağlantıların inkişafı davam edir. Gələn ilin sonunadək 11 günəş və külək elektrik stansiyası tərəfindən istehsal olunan təxminən 2 giqavat ‘yaşıl’ enerji milli enerji sisteminə inteqrasiya ediləcək. Bərpa olunan enerji mənbələrinin qoyuluş gücündə payı 2030-cu ilə qədər 39 faizə, 2035-ci ilə qədər isə 43 faizə çatacaq. Bu, əlavə olaraq təxminən 1,5 milyard kubmetr təbii qaza qənaət etməyə imkan verəcək. Həmin qaz ixraca və daxili ehtiyaclara yönəldiləcək, həmçinin istixana qazı emissiyalarını milyonlarla ton azaldacaq”, — deyə o bildirib.
Nazir müavini qeyd edib ki, 2032-ci ilədək quruda və dənizdə yerləşən təxminən 8 giqavatlıq bərpa olunan enerji obyektlərinin inkişafı planlaşdırılır.
“İstehsal olunan enerji dörd sistemlərarası bağlantı vasitəsilə ixrac ediləcək və ölkə daxilində, o cümlədən gələcək data emalı və süni intellekt mərkəzləri üçün istifadə olunacaq. Xəzər–Qara dəniz–Avropa enerji dəhlizi Azərbaycanın bərpa olunan enerji potensialından, o cümlədən Xəzər dənizindəki dəniz külək enerjisi potensialından istifadə edəcək. Mərkəzi Asiya–Azərbaycan ‘yaşıl enerji dəhlizi’ Qazaxıstan və Özbəkistanla tərəfdaşlıq şəraitində həyata keçirilir. Bu strateji tərəfdaşlıq tarixdə ilk dəfə Mərkəzi Asiya və Azərbaycan enerji sistemlərini birləşdirməyə imkan verəcək. Həmçinin Cəbrayıldan ilkin mərhələdə 1 giqavat enerjinin ixracı ilə Azərbaycan–Türkiyə–Avropa layihələri planlaşdırılır. Azərbaycan–Gürcüstan–Türkiyə–Bolqarıstan dəhlizi texniki-iqtisadi əsaslandırma mərhələsindən keçəcək, hökumətlərarası sazişin isə yaxın vaxtlarda imzalanması planlaşdırılır”, — deyə o əlavə edib.
O.Zeynalov bildirib ki, bu dəhlizlər çoxfunksiyalı olacaq və fiber-optik xətlər vasitəsilə rəqəmsal məlumatların ötürülməsi, gələcəkdə isə 2035-ci ildən sonra “yaşıl” hidrogenin daşınması üçün istifadə oluna biləcək.
“Bu layihələr əlavə enerji təhlükəsizliyi təmin edir, həmçinin tərəfdaşlar üçün marşrutların çevikliyini və şaxələndirilməsini yaradır. Azərbaycan regional enerji təhlükəsizliyi və dayanıqlı inkişaf sahəsində beynəlxalq tərəfdaşlarla, o cümlədən İslam İnkişaf Bankı ilə əməkdaşlığı davam etdirəcək”, — deyə o bildirib.