Bakı.Trend:
Beynəlxalq GSM Assosiasiyası (GSMA) 2025-ci il üzrə “Mobile Connectivity Index” hesabatını açıqlayıb. Hesabatda dünyanın 174 ölkəsində mobil xidmətlərə çıxış və qoşulma imkanları qiymətləndirilib.
Bu barədə İnformasiya və Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) məlumat yayıb.
Məlumata görə, Azərbaycan ötən illə müqayisədə indeks üzrə göstəricisini təxminən 1,6 bal artıraraq 75,4 xal toplayıb. Bu nəticə ölkənin reytinqdə mövqeyinin yaxşılaşmasına da təsir göstərib.
Belə ki, Azərbaycan 2024-cü ilin dəqiqləşdirilmiş hesabatı ilə müqayisədə 2 pillə irəliləyərək 64-cü yerdə qərarlaşıb və qabaqcıl (Advanced) ölkələr qrupunda yer alıb.
GSMA tərəfindən 2015-ci ildən hazırlanan “Mobile Connectivity Index” mobil xidmətlər sahəsində qlobal tendensiyaların izlənilməsi və inkişaf dinamikasının təhlili məqsədini daşıyır. İndeks mobil infrastruktur, qiymət əlçatanlığı, istehlakçı hazırlığı, məzmun və xidmətlər olmaqla dörd əsas istiqamət üzrə 32 göstərici əsasında hesablanır.
Qeyd olunub ki, Azərbaycan 2022-ci ildən etibarən indeks üzrə davamlı müsbət dinamika nümayiş etdirir. Son illərdə mobil rabitə infrastrukturunun inkişafı, yüksəksürətli internet xidmətlərinin genişləndirilməsi, rəqəmsal xidmətlərin əlçatanlığının artırılması və sektorda aparılan islahatlar ölkənin göstəricilərinin yüksəlməsinə töhfə verib.
Bildirilib ki, İnformasiya və Kommunikasiya Texnologiyaları Agentliyinin (İKTA) həyata keçirdiyi tədbirlər və təşəbbüslər Azərbaycanın beynəlxalq reytinqlərdə mövqeyinin möhkəmlənməsində mühüm rol oynayıb.