Adını unutmuşam, hansısa dahi deyib ki, ölüm ayağında 2 şeydən peşman olacaqsınız: az sevdiyiniz və az səyahət etdiyiniz üçün. Hər səfər, hər səyahət insanın yaddaşında dərin iz buraxır, təəssüratlarını zənginləşdirir. Doğma Azərbaycanımızın hər bir guşəsi gözəldir, təbiəti, adamları ilə. Ölkəmizdə kənd turizminin potensialı çox genişdir. Hər il yüzlərlə turist paytaxtın səsli-küylü həyatından uzaq, təbiətin qoynunda dincəlmək üçün səfalı yerlərə üz tuturlar. Şəki də belə rahat və seviləcək yerlərdən biridir. Qəhrəmanımızla da məhz gözəlliklər diyarı, dağlar qoynunda yerləşən, tarixi, mədəniyyəti, özünəməxsusluğu ilə diqqət çəkən Şəkidə, onun doğulduğu Kiş kəndində tanış olduq.
İlhamə Hüseynova artıq 20 ildən çoxdur ki, turizm sektorunda fəaliyyət göstərir. Dünyanın elə ölkəsi olmaz ki, oradan qonaq qarşılamasın. Çox işgüzar, səmimi xanımdır. Bir jurnalist kimi özümə borc bildim ki, ucqar dağ kəndində öz işini quran və kifayət qədər nüfuzlu xanımla Modern.az-ın oxucularını daha yaxından tanış edim.
“Kasıbçılıq, əziyyət görmüşəm”
- İlhamə xanım, özünüz haqda qısa məlumat verməyinizi istərdik.
- Doğma Kiş kəndində sadə, zəhmətkeş ailədə dünyaya göz açmışam. Kasıbçılıq, əziyyət görmüşəm. Bəlkə də həyata daha bərk tutunmağımda bunun böyük rolu olub.
2000-cü ildən 2021-ci ilə kimi Kiş Alban məbədinə gələn yerli və xarici turstləri qarşılayıb yola salmışam. Əvvəlcə bələdçi və abidə mühafizəçisi kimi fəaliyyət göstərmişəm. Əvvəl maaş almırdım, sadəcə gələn qonaqlarla məşğul olurdum və bu da mənə zövq verməklə bərabər, təcrübə qazandırırdı. 2005-ci ildə direktor və 8 işçi ştatı açıldı. İşi bacardığıma görə məni direktor təyin etdilər.
- Eramızın I əsrində Qafqaz Albaniyasında geniş yayılan Ay məbədinin özülü üzərində qurulan Kiş məbədi bütün Qafqazda təqribən 2 min il bundan əvvəl xristianlığın yayıldığını rəmzləşdirən məşhur tarixi abidədir. Əhəng daşından tikilən bu abidə erkən orta əsrlərdə yaranan ilk günbəzli, zal tipli məbəddir. 2001-ci ilin mayında abidədə Azərbaycan-Norveç birgə “Kiş” layihəsi üzrə bərpa işlərinə başlanılıb və 2003-cü ilin sentyabrında məbədin açılışı olub. Layihə məşhur norveçli səyyah, etnoqraf və alim Tur Heyerdalın dəstəyi ilə reallaşdırılıb. Alimin xatirəsini əbədiləşdirmək üçün məbədin qarşısında onun büstü da qoyulub.
Kiş məbədi dünya əhəmiyyətli abidələr siyahısına daxil edilib və 2009-cu ildən tarix-memarlıq abidəsi kimi dövlət tərəfindən qorunur.
- “Gələrsən-görərsən” qalası da sizin kəndininzdədir, deyilmi?
- Bəli. “Gələrsən-görərsən” qalası Kişin ikinci abidəsidir və onu “Qız qalası“ da adlanırırlar. Qala haqqında məlumat verən yeganə mənbələr Kərim Ağa Fatehin və Hacı Seyid Əbdülhəmid Əfəndinin əsərləridir. Həmin mənbələrdə bu qala ”Gələrsən-görərsən” adı ilə xatırlanır. Bu adların qalaya sonradan, 1743-cü ilin hadisələri ilə əlaqədar olaraq verildiyi təsadüf edilir. Həmin vaxt Nadir şahın qoşunları qalaya hücum etsələr də, onu ala bilmirlər. Deyirlər ki, bir dəfə Nadir şah soruşub: "O qala necə qaladır ki, onu almaq olmur?” Şaha cavab verirlər ki, “Gələrsən - görərsən”. Rəvayətə görə, elə o vaxtdan qala iki adla çağırılmağa başlanıb.
“Xoş, həyəcanlı xatirələrim çoxdur”
- Böyük Qafqazın ətəklərində yerləşən kəndimiz 2014-cü ildən qoruq elan edilib. Kişin tarixi çox qədimdir. Dövlət tərəfindən tarixi abidələrin qorunması, gələcək nəsillərə çatdırılması məsələsinə xüsusi diqqət yetirilir.
- İlhamə xanım, tam 20 il Kiş məbədi ilə bağlı olmusunuz. Bu müddət ərzində təbii ki, yerli və xarici turistlərin sayı çox olub. Məbədi hansı tanınmışlar ziyarət edib və hansı maraqlı xatirələriniz var?
- Kifayət qədər çox qonaq qarşılamışam, bələdçilik etmişəm. Təbii ki, mənim üçün ən yaddaqalan ziyarət və bələdçilik cənab Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın gəlişi ilə bağlıdır.
- Eşitdiyimizə görə, ölkə başçısı ilə səmimi söhbətiniz də olub?
- Cənab Prezident Kiş kəndinə iki dəfə gəlib. 2008-cı ildə Heydər Əliyev adına 1 nömrəli Kiş kəndi 1 saylı orta məktəbin bərpadan sonra açılışında və 2012-cı ildə. Abidənin bütün işçiləri, içi mən qarışıq tədbirdəydik. Prezident İlham Əliyev Ulu öndər Heydər Əliyevin yadigarı olan və yenidən inşa edilmiş Kiş kənd tam orta məktəbinin açılışında iştirak etdi, şagirdlər və müəllimlərlə görüşdü. O zaman məktəbin direktoru Müzəkkil Qarayev idi. Bizə qəfil dedilər ki, cənab Prezident Alban məbədinə də baxacaq, Mehriban xanım da onunladır. Biz tez məbədə qayıtdıq, hazırlıq gördük. Çay süfrəsi də hazırladıq.
Məbəddə bir guşə var ki, qəpik götürüb ürəyində niyyət tutaraq divara yapışdırırsan. Yapışsa, niyyətin hasil olur. Mehriban xanım soruşanda ki, bu qəpiklər nə üçündür, mən izah etdim. Qayıtdı ki, onda biz də cəhd edək. Mehriban xanım qəpiyi divara qoyan kimi yapışdı... Orada Prezident mənim fəaliyyətimlə maraqlandı, sonra da soruşdu ki, sənə burda dəyib dolaşan yoxdur ki? Gördüm ki, icra başçısı tutulub, qızarıb-bozarır. İcra başçısı da qayıtdı ki, o qıza heç kim mane olmur, necə bilir, elə işləyir və işinin öhdəsindən gəlir. Sonra çay süfrəsi açıldı... Prezident və o vaxtkı mədəniyyət naziri Əbülfəs Qarayev də orda idi. Cənab Prezident soruşdu ki, kəndin kişiləri nə işlə məşğuldur? Mən də dedim ki, cənab Prezident, kənddə kişi qalıb ki? Gəzməyə qərib ölkə, ölməyə Vətən yaxşı deyib, yaşlananda qayıdırlar kəndə. Başladılar gülməyə. Cənab Prezidenti görüb ürəklənmişdim, ürəyimi boşaldırdım. Dedim ki, cənab Prezident, qızlar qarıyırlar, kişi tapmırlar ərə getməyə. Baldızımı misal göstərdim ki, almana ərə gedib. Nə isə... Çay içib getdilər. Onlar gedəndən sonra tökülüşdülər üstümə ki, sən nə dedin cənab Prezidentlə nazir ürəkdən güldülər...
“Türkiyə Prezidenti də Kişdə olub”
- Türkiyə prezidenti də Kişdə olub?
- Bəli, Türkiyə prezidenti də Kişdə olub. Cənab Prezident İlham Əliyev də onunla gəlmişdi. Bu, ölkə başçısının kəndimizə 2-ci gəlişi idi. 2012-ci il idi. O vaxt Rəcəb Tayyib Ərdoğan Baş nazir idi, xanımı ilə gəlmişdi. Cənab Prezident məbədi ziyarət edib çıxanda qayıdıb soruşdu ki, kəndin kişilərinin heç olmasa 40 faizi qayıdıbmı? Mən də gülə-gülə dedim ki, 40 faizi olmasa da 30 faizi qayıdıb. Təəccüb qaldım ki, cənab Prezident 6 il əvvəl olan söhbəti unutmayıb. Bu, onun çox səmimi insan olduğunu göstərir. Gedəndə də ordakılara tapşırdı ki, bu qızla işiniz yoxdur, dəyməyəsiniz.
- Daha hansı məşhur siz işlədiyiniz müddətdə Alban məbədində olub?
- ABŞ-nin Azərbaycandakı sabiq səfiri Metyu Brayza, ABŞ-ın müdafiə naziri - adını təəssüf ki, xatırlamıram. Tanınmış ictimai xadim, yazıçı, professor Kamal Abdulla və bir çoxları.
- İlhamə xanım, necə oldu iş qadını oldunuz?
- Kiş kəndi Böyük Qafqazın ətəklərində yerləşdiyindən bu kənd hər zaman yerli və xarici turistlərin diqqətini cəlb edib. Elə gözümü açandan xarici turistləri çox görmüşəm, çox təmasda olmuşam. Çünki məbədə mənim əcdadlarım, yəni nənəm, nənəmin nənəsi baxıb uzun müddət.
Alimlər məbədin tarixini araşdırmaq üçün gələndə məcbur bizdə qalırdılar, onları yerləşdirmək, yedirtmək kimi məsələlərlə məşğul ola-ola beynimdə fikir oyandı. Düşündüm ki, gələn qonaqları qarşılmaq, onların gecələməsi üçün niyə məkan açmayaq, məsələn hostel. Turisti olsun, alimi olsun acanda yeməyə, susayanda çay işməyə oturmağa bir yer olsun. Öz evimizdən başladım. Evimiz qədim tikili idi. Bərpa etmək lazım gəlirdi.
Çünki Alban məbədinə baxmağa gələn xaricdən gələn turistləri yerləşdirmək lazım idi. Bir sözlə, iş qadını olmağım gündəlik gördüyüm iş, təcrübə əsasında yarandı.
- Bəs Qədim Kiş restoranı necə yarandı?
- Bu, qonşunun həyətidir, danışıb aldım və belə bir məkana çevirdim. Əvvəl ancaq çay süfrəsi verirdik, sonra tədricən yeməklərə keçdik. Məkan 2021-ci ildən fəaliyyət göstərir.
“Həyat yoldaşım mənə çox dəstək oldu”
- Yəqin ki, həyat yoldaşınız bu işdə sizi dəstəklədi?
- 1993-cü ildə ailə həyatı qurmuşam. İdeyalarımı həyat yoldaşıma deyəndə, təbii ki, mənə dəstək oldu. Onun dəstəyi olmasa, alınmaszdı yəqin ki.
- Sevib ərə getmisiniz?
- Vallah, sevgi-zad bilməmişəm. Evdən veriblər getmişəm (gülür). Məktəbi qurtaran kimi. Orta məktəbi əla qiymətlərlə oxumuşam. Dövr, zaman fərqli idi. Qızıl medala düşsəm də, elə oldu ki, alınmadı. Bu, məndə ruh düşkünlüyü yaratdı, əlim-qolum soyudu. Amma gərək təslim olmayaydım. Nə bilmək olur... Bəlkə ali təhsil alsaydım, bu qədər uğurlu olmazdım.
“Kənd mətbəxi, ləpəli çörək, təndir”
- Sizin ləpəli çörəyiniz adla deyilir və çox məşhurdur. Bu barədə nə deyə bilərsiniz?
- Qədim adət-ənənələrə çox bağlıyam. Kənd mətbəxini sevirəm. Nənələrimizin, analarımızın bişirdiyiyi çörəklər, hazırladıqları yeməkləri bir başqadır. 1998-ci ildə gördüm ki, ləpəli çörək artıq bişirilmir və yaddan çıxmaq üzrədir. Təndir yaddan çıxdı, hamı çörəyi peçdə bişirməyə başladı.
Turistlərin çox xoşuna gəlirdi ləpəli çörək. Həyətdə təndir qoyub ləpəli çörək bişirməyə başladım. Sonra həmin gördüyünüz bu yeri satın aldım və fəaliyyətə başladım.
- Siz iş qurmaqla bərabər, həm də kənd camaatını işlə təmin edirsiniz...
- Elədir, hardasa 15 taksi sürücüsü burdan çörək yeyir. Yayda qonaq çox olur. Öz hostelimiz dolu olduğu üçün qonaqlar başqa 30-40 evdə yerləşirlər. Camaatımızı da nəzərə almışıq.
“Bu dünyada hər kəs öz çörəyini yeyir”
- İlhamə xanım, imkanınız yaxşıdır, son model maşın ala bilərsiniz. Siz hələ də sovet maşını olan köhnə "06" sürürsünüz.
- Turistləri Şəkidən götürmək və bura gətirmək üçün avtomobil mütləq lazım idi. Bu maşını 2006-cı ildə almışam və indiyədək ondan ayrılmıram.
- Siz çox maraqlı insansınız. Həm də dürüst, səmimi və belə insanların sayı təəssüf ki, çox azdır.
- Təşəkkür edirəm iltifatınız üçün. Bu dünyada hər kəs öz çörəyini yeyir, yəni öz əkdiyini biçir. Yaxşı olsan, həyat da sənə yaxşı olacaq, doğru yol göstərəcək.
P.S. Şəkidən, Kiş kəndindən heç ayrılmaq istəmirdim: yerli insanların səmimiyyəti, yağan qar, ağappaq örtüyə bürünən dağlar... amma hər yolun, hər səfərin bir sonu var.
Səadət Hakıyeva




