Bu gün ölkəmizdə ilk dəfə olaraq Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Hindistan hökumətinin etnik azlıqlara qarşı repressiv siyasətinə həsr edilmiş “Hindistanda Siqlərə və digər milli azlıqlara qarşı irqçilik və zorakılıq: mövcud reallıqlar” adlı beynəlxalq konfrans keçirilib.
Tədbirdə Pəncab əyalətinin İnsan Hüquqları və Azlıqlar üzrə naziri Rameş Singh Arora, digər rəsmilər, həmçinin Siqh icmasının Kanada, Böyük Britaniya və ABŞ-dakı nüfuzlu nümayəndələri, beynəlxalq beyin mərkəzlərinin rəhbərləri, xarici universitetlərin insan hüquqları və etnik azlıqlar sahəsində fəaliyyət göstərən alimləri, həmçinin Hindistan hökumətinin repressiv və irqçi siyasətinin birbaşa qurbanı olmuş şəxslər iştirak edəcəklər.
Konfrans çərçivəsində Hindistan hökumətinin Siqlərə və digər etnik azlıqlara qarşı sistemli irqi ayrı-seçkilik, zorakılıq və repressiv siyasəti, xüsusilə BMT-nin “Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt”, “İrqçiliklə Mübarizə üzrə Beynəlxalq Konvensiya” və “İşgəncələrə qarşı Konvensiya” üzrə öhdəliklərinin kobud şəkildə pozulması müzakirə olunub.
Modern.az Azərbaycanda o qədər də bilinməyən Siqhizm dinini, onun dünyadakı sayını araşdırıb.
Siqhizm nədir?
Milyonlarla ardıcılı olan, özünəməxsus inanc sistemi və ictimai fəlsəfəsi ilə seçilən Siqhizm də qlobal miqyasda mühüm yer tutur.
Siqhizm XV əsrdə Hindistanın Pəncab bölgəsində meydana gəlib. Din Quru Nanak tərəfindən əsaslandırılıb. O dövrdə Hindistan dini və sosial baxımdan ciddi ziddiyyətlər içində idi: kast sistemi, dini ayrı-seçkilik və sosial bərabərsizlik geniş yayılmışdı. Quru Nanakın təlimləri bu ədalətsizliyə etiraz olaraq formalaşıb.
Siqhizmin inkişafı ardıcıl olaraq 10 Quru tərəfindən davam etdirilib. Sonuncu dini rəhbər Quru Qobind Sinqh insan şəklində olan quru institutuna son qoyaraq, dini rəhbərliyi müqəddəs kitab “Guru Granth Sahib”ə həvalə edib.
İnanc sistemi: tək Allah, bərabər insan
Siqhizm təkallahlı dindir. Siqlər Allahı formadan və zamandan kənar, hər yerdə mövcud olan ali varlıq kimi qəbul edirlər. Din kast sistemini, sosial təbəqələşməni və irqi-dini ayrı-seçkiliyi qəti şəkildə rədd edir.
Siqhizmin əsas fəlsəfəsi üç prinsip üzərində qurulub:
-Allahı daim xatırlamaq
-Zəhmətlə, halal yolla yaşamaq
-Qazancın bir hissəsini cəmiyyətlə bölüşmək.
Bu prinsiplər Siqh icmalarında sosial həmrəyliyi gücləndirir.
İbadət və gündəlik həyat
Siqlərin ibadət yerləri qurdvara adlanır. Burada təkcə dini ayinlər deyil, həm də sosial fəaliyyətlər həyata keçirilir. Hər kəsə dinindən və millətindən asılı olmayaraq pulsuz yemək təqdim edilən “lanqar” ənənəsi xüsusi yer tutur.
Siqh kişiləri adətən saqqal saxlayır və başlarına turban bağlayırlar. Bu, dini kimliyin simvolu olmaqla yanaşı, özünə hörmət və məsuliyyətin ifadəsi kimi qəbul edilir. Siqhizmdə “beş K” adlanan dini simvollar da inancın gündəlik həyatda yaşadılmasını təmin edir.
Zorakılıq və özünümüdafiə
Siqhizm sülh və mərhəmət dini kimi tanınsa da, tarix boyu ardıcıllarının təqiblərə məruz qalması bu dində özünümüdafiə hüququnu da legitimləşdirib. Bu baxımdan Siqhizm nə tam pasifist, nə də aqressiv bir din hesab olunur. Əsas prinsip ədalətin qorunmasıdır.
Qlobal yayılma və müasir çağırışlar
Bu gün dünyada 25–30 milyon Siqh yaşayır. Əsasən Hindistanda məskunlaşsalar da, Kanada, Böyük Britaniya, ABŞ və Avstraliyada böyük diaspor icmaları mövcuddur. Qərb ölkələrində siqlər tez-tez zahiri görünüşlərinə görə yanlış stereotiplərlə üzləşirlər.
Müasir dövrdə Siqh icmaları dini kimliyin qorunması, inteqrasiya və insan hüquqları sahəsində aktiv fəaliyyət göstərir.
Siqhizm dinin ardıcıllarının əksəriyyəti Hindistanda yaşayır. Bu ölkədə təxminən 24 milyon nəfər siq yaşayır. Bu rəqəm Kanadada 770 000, Böyük Britaniya 500 000–530 000, ABŞ-də isə təxminən 500 000-dir. Kiçik icmalar Avstraliya, Malayziya, Tailand, BƏƏ və Yeni Zelandiyada mövcuddur.
Azərbaycanda rəsmi statistik məlumat mövcud deyil. İcma çox kiçikdir və yüksək səviyyədə təşkilatlanmayıb. Təxminlərə görə, siqlərin sayı yüzlərlə və ya minlərlə səviyyəsindədir. Lakin dini fəlsəfənin yayılması və maarifləndirici araşdırmalar üçün bu maraqlı mövzu olaraq qalır.