Bakı.Trend:
İsrail Prezidenti İsxak Hersoq ölkənin növbəti hökumətini formalaşdırmaq mandatını “Yaşar” Partiyasının sədri Qadi Ayzenkota həvalə etmək qərarına gəlib.
"Times of Israel" nəşrinin yazdığına görə, Ayzenkot mandatı noyabrın 8-də Prezident iqamətgahında keçiriləcək mərasimdə rəsmi şəkildə təhvil alacaq. O, hökuməti formalaşdırmaq üçün 28 gün müddətinə malik olacaq. Zərurət yaranarsa, prezident bu müddəti daha 14 gün uzada bilər.
Bildirilib ki, Ayzenkot hökuməti formalaşdıra bilməsə, bu vəzifə növbəti mərhələdə Baş nazir Binyamin Netanyahuya həvalə oluna bilər.
Qeyd edək ki, Hersoqun Knessetdə təmsil olunan partiyalarla keçirdiyi məsləhətləşmələr zamanı 120 deputatdan 67-si Ayzenkotun, 46-sı isə Netanyahunun namizədliyini dəstəkləyib. Yeddi deputatla təmsil olunan “Birləşmiş Tövrat İudaizmi” Partiyası isə heç bir namizədə dəstək verməyib.
Ayzenkot qərarı şərh edərkən “X” sosial şəbəkəsində milli fövqəladə vəziyyət hökumətinin formalaşdırılmasının vaxtının çatdığını bildirib.
Bununla belə, onun koalisiya formalaşdırması asan olmayacaq. Belə ki, Ayzenkotun rəhbərlik etdiyi blokun bəzi üzvləri ərəb partiyalarının təmsil olunduğu “Raam” və “Birgə Siyahı” ilə əməkdaşlığın əleyhinədir. Blokun bir sıra nümayəndələri isə seçki kampaniyası zamanı Netanyahunun və qatı-mühafizəkar partiyaların müxalifətə keçməli olduğunu bəyan ediblər.
“Yaşar” Partiyası “Likud” Partiyasının və onun müttəfiqlərinin Ayzenkotun rəhbərlik edəcəyi koalisiyaya qoşulmasının mümkünlüyünü istisna etməyib. Lakin bu təklif Netanyahunun özünə şamil olunmur. Ayzenkot dəfələrlə Netanyahu ilə hər hansı koalisiyada əməkdaşlıq etməyəcəyini bildirib.
O, həmçinin 2023-cü il oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumu zamanı yüksək dövlət vəzifəsi tutan şəxslərin ictimai-siyasi fəaliyyətdən getməli olduğunu vurğulayıb.