Bakı.Trend:
UFC rəhbəri Dana Uayt Ağ Evin mətbuat katibi vəzifəsinə təyin olunması ehtimalını müzakirə etmək üçün bazar ertəsi Vaşinqtonda ABŞ Prezidenti Donald Trampla görüşəcək.
"İnterfaks"ın məlumatına görə, Uayt bu barədə Londonda jurnalistlərə bildirib.
“Hazırda Vaşinqtona yola düşürəm”, – deyə o qeyd edib və Trampla görüşün bazar ertəsi baş tutacağını dəqiqləşdirib. “Görək, bundan nə alınacaq”, – deyə Uayt əlavə edib.
Bununla yanaşı, UFC rəhbəri hazırda işini dəyişməyə tələsmədiyini vurğulayıb: “Mənim onsuz da kifayət qədər işim var”.
Qeyd edək ki, daha əvvəl CNN telekanalı mənbəyə istinadən Dana Uaytın Trampın Ağ Evin mətbuat katibi vəzifəsini tutmaq təklifindən imtina etdiyini bildirmişdi. Telekanalın digər mənbəsi isə Trampın bu təkliflə bağlı açıqlamasının zarafat ola biləcəyini ehtimal edib.
Şənbə günü Tramp "Truth Social" sosial şəbəkəsində Dana Uaytı öz mətbuat katibi vəzifəsində görmək istədiyini bildirib.