Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutu tərəfindən “Azərbaycan Nəşriyyatı” MMC-nin 9 mərtəbəli korpusunda keçirilmiş vizual texniki baxış nəticəsində binanın uzunmüddətli istismarı zamanı əsaslı təmir işlərinin aparılmaması ilə əlaqədar əsas yükdaşıyan konstruksiyalarda, su-kanalizasiya və elektrik xətlərində qüsur və zədələnmələr aşkar edilmişdir. Bundan əlavə, binadakı liftlərin texniki vəziyyəti qənaətbəxş deyil. Azərbaycan Nəşriyyatından Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, təmir müddətində redaksiyalar müvəqqəti olaraq alternativ ofislər tapmalıdır. “Azərbaycan Nəşriyyatı” öz tərəfindən bu məsələdə onlara imkan daxilində dəstək göstərməyə çalışacaq.
"Mövcud texniki vəziyyət binada əsaslı təmir işlərinin aparılmasını zəruri edir. Bu işlərin həcminin çox böyük olması onların mərhələli şəkildə, eləcə də binanın istismarı davam etdirilməklə icrasını praktiki olaraq mümkünsüz edir. Qeyd olunanları nəzərə alaraq 01.02.2026-cı il tarixindən binanın istismarının dayandırılması haqda qərar verilmişdir. Burada söhbət yalnız 9 mərtəbəli binanın təmirindən gedir. “Azərbaycan Nəşriyyatı” MMC fəaliyyətini davam etdirəcək. Təmir müddəti görüləcək işlərin dəqiq həcmi, layihə-smeta sənədlərinin hazırlanması və maliyyələşmə prosesindən asılı olaraq müəyyən ediləcək. Əsaslı təmir başa çatdıqdan sonra bina yenidən istismara veriləcək", - deyə açıqlamada bildirilib.