Bu gündən Milli Məclisin deputatlarının tətil müddəti başa çatır. Milli Məclisin Daxili Nizamnaməsinə uyğun olaraq, deputatlar yaz sessiyasına hazırlıq məqsədilə komitə iclaslarına başlayırlar. Yaz sessiyası fevralın 1-də başlanır və mayın 31-dək davam edir. Sessiya çərçivəsində plenar iclasların keçirilməsi, bir sıra qanun layihələrinin müzakirəsi və qəbul olunması nəzərdə tutulur. Hər yeni sessiya cəmiyyətin gündəmində dayanan məsələlərin qanunvericilik müstəvisində əksini tapması baxımından xüsusi əhəmiyyət daşıyır. Modern.az deputatlarla əlaqə saxlayaraq onların yeni sessiya üçün irəli sürməyi planlaşdırdıqları qanun layihələri barədə sorğu keçirib.
Aqrar siyasət komitəsinin sədr müavini və İnsan hüquqları komitəsinin üzvü Razi Nurullayev isə bildirib ki, onun bu sessiyada kənd təsərrüfatı və regionların inkişafı ilə bağlı qanunvericilik təşəbbüsləri olacaq.
“Birinci növbədə, fermerlər üçün uzunmüddətli və aşağı faizli kredit mexanizmlərinin qanunla daha aydın tənzimlənməsi vacibdir. Bura həm də aqrar sığorta sisteminin sadələşdirilməsi və əhatə dairəsinin genişləndirilməsi, torpaq icarəsi və istifadəsi ilə bağlı prosedurların yüngülləşdirilməsi, o cümlədən kənd yerlərində fəaliyyət göstərən emal müəssisələrinə vergi və sosial güzəştlərin artırılması daxildir. Məqsəd kənddə istehsalı stimullaşdırmaq, gənclərin regionlardan köçünün qarşısını almaq və ərzaq təhlükəsizliyini gücləndirməkdir”. O həmçinin əmək bazarına çıxmaq istəyən gənclər üçün sistemli boşluqların doldurulması istiqamətində də təklifləri olacağını bildirib: “İlk dəfə işə düzəlmək istəyən gəncləri işəgötürənlərə vergi güzəştlərinin tətbiq olunması, bununla bərabər dövlət-özəl sektor əməkdaşlığı ilə “ilk iş yeri” proqramlarının qanunla təsbiti önəmlidir. Məqsəd əmək bazarına yeni daxil olan gənclərin iş tapmasını asanlaşdırmaq, işəgötürənləri gənc kadrların cəlb edilməsinə həvəsləndirmək və dövlət–özəl sektor əməkdaşlığı əsasında “ilk iş yeri” mexanizmini qanunvericilik səviyyəsində formalaşdıraraq gənclər arasında işsizliyin azaldılmasına nail olmaqdır”.
Səhiyyə komitəsinin və Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Pərvanə Vəliyeva qeyd edib ki, yaz sessiyada təmsil olunduğum Səhiyyə komitəsində “Vərəmlə bağlı ictimai dinləmə” keçirilməsi planlaşdırılıb. “Bu sahədə qanunvericiliyin yenilənməsinə çalışacağıq. Həmçinin, ilkin səhiyyə xidmətinin ölkəmizdə təkmilləşdirilməsi istiqamətində qanunvericilikdə yeniliklərin edilməsini dəstəkləyirik. Nə qədər bu sahə inkişaf etsə, bir qədər insanlar arasında qeyri-infeksion xəstəliklərlə xəstələnmə azalacaqdır. İnsanlar arasında səhiyyə maarifinin – sağlam həyat tərzinin təbliği, fiziki aktivlik, profilaktikanın gücləndirilməsi də olduqca vacibdir”. Deputat həmçinin qeyd edib ki, “Əhalinin Sağlamlığının qorunması” haqqında qanunda “səyyar müayinələr”lə bağlı hüquqi çərçivənin müəyyən edilməsinə ehtiyac var. Evdə və ya icmalarda səyyar müayinələr faktiki olaraq icra olunur və insanların səhiyyə xidmətlərinə əlçatanlığını artırması baxımından mühüm addımdır. Ona görə də, qanunda da öz əksini məqsədəuyğun olardı.
“Əmək Məcəlləsinin beynəlxalq standartlara uyğunlaşdırılması məsələsi aktualdır. Belə ki, əməyin təhlükəsizliyi üzrə ölkəmiz Beynəlxalq Əmək Təşkilatının 155 və 187-ci Konvensiyalarına qoşulub. “Əməyin təhlükəsizliyi və gigiyenası” üzrə 187-ci Konvensiyanın ratifikasiya edilməsi sahəsində də müvafiq iş aparılır. Sözügedən sahədə beynəlxalq standartların və normaların ölkəmizdə tətbiqinin aktual olmasını nəzərə alaraq mövcud təkmilləşmələr üzrə müzakirələr aparıla bilər” – P. Vəliyeva bildirib. Onun sözlərinə görə, bütün iş yerlərində risklərin qiymətləndirilməsi aparılmalıdır.
“Riskin qiymətləndirilməsi bir çox preventiv tədbirlərin hazırlanmasına imkan verir. Təəssüflər olsun ki, iş yerlərində baş verən qəzalar, bədbəxt hadisələr insanların həyatını itirməsi, xəstələnməsi və ya əlilliyə düçar olması ilə nəticələnir. Hər bir işəgötürən iş fəaliyyətinin işçilərə və digər şəxslərə zərər verməməsi üçün hüquqi məsuliyyət daşıyır. Burada, həm də, mənəvi məsuliyyət var. İşçinin başına gələn qəza barədə ailəsinə məlumat vermək də ağır mənəvi yükdür. Rasional düşünsək, bunun maliyyə tərəfi də var. İş yerlərində insanlara dəymiş zərərin təzminatı, müavinətləri, sığorta xərcləri, həm işəgötürənə, həm də dövlət büdcəsinə maliyyə itkisi gətirir”. Sistemin özü-özünü tənzimləməsi üçün bəzi üsullardan istifadə edilə bilər: “İlk növbədə, müəssisəsində təhlükəsizliyi lazımi səviyyədə yaradan, işçilərin qayğısına qalan iş yerlərinin motivasiyası aparılmalı, nüfuzu artırılmalıdır. Onlar satınalma prosedurlarında, biznes kreditlərin əldə edilməsində və dövlət ödənişlərində üstünlüklər, güzəştlər əldə etməlidir. Məsələn, təklif edirəm ki, yüksək riskli iş yerləri daha çox sığorta haqqı ödəsin, əksinə, risksiz, iş qəzaları olmayan müəssisələr daha az ödəniş etsin. Bu mexanizm müəssisələrdə təhlükəsizlik tədbirlərinin formal deyil, real şəkildə aparılmasını stimullaşdıracaqdır və ya banklar müəssisələrə kredit verən zaman iş yerinin risklərinə uyğun qərar verməlidir”. Pərvanə Vəliyeva üzvü olduğu Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin işində, beynəlxalq və dövlətlərarası sazişlər üzrə qanun layihələrinin müzakirəsində iştirak edəcəklərini bildirib: “Bu il ölkəmiz ətraf mühit və dayanıqlılıqla bağlı iki mötəbər BMT tədbirinə ev sahibliyi edəcək. Bu sahədə parlament diplomatiyasının artırılmasına, ölkəmizin dayanıqlı şəhərsalma sahəsində təcrübələrinin tanıdılmasında, mövzunun işıqlandırılmasında, inanıram ki, Komitə üzvlərimiz də fəal iştirak edərək, öz töhfəsini verəcək”, – deyə o qeyd edib.
Deputat qeyd edib ki, eyni zamanda sosial istiqamətdə vətəndaşlarımızın əmək hüquqlarının daha yaxından qorunması ilə bağlı təkliflərlə çıxış etmək niyyətindədir: “Pensiya yaşına az qalmış vətəndaşlarımızın bir sıra ölkələrdə olduğu kimi işdən azad olunmasının qadağan edilməsi, o cümlədən pensiya yaşının müəyyənləşdirilməsində yalnız kəmiyyət nisbətinin deyil, eyni zamanda keyfiyyət göstəricilərin istifadə olunması və bu istiqamətdə islahatların dərinləşməsi ilə əlaqəli təkliflərimizi də təqdim etmək niyyətindəyəm” – o sonda bildirib.
İctimai birliklər və dini qurumlar və Mədəniyyət komitəsinin üzvü Tənzilə Rüstəmxanlı saytımıza açıqlamasında bildirib ki, bu vaxta qədər də bir çox təklifləri olub: “Bu vaxta qədər parlament fəaliyyətim zamanı bir sıra qanun layihələrinə əlavələr, dəyişikliklərlə bağlı təkliflər irəli sürmüşəm. Yaxud parlamentdə müzakirələr zamanı müxtəlif qanun layihələrinin dəyişdirilməsi və ya onlara əlavə, yeniliklərin gətirilməsi istiqamətində təkliflərim olub. Parlamentdə fəal şəkildə milli mənafelərə dayanan, dövlət quruculuğumuzun tələbləri ilə uzlaşan təklifləri gündəmə gətirənlərdən biriyəm”. O qeyd edib ki, “Təhsil haqqında”, “Elm haqqında” və bir çox qanunlarla bağlı xeyli sayda təklifləri olub. “Düzünü desəm, müəllifi olduğum qanun layihəsi isə yoxdur, amma istərdim ki, yaz sessiyasında təhsillə bağlı ictimai dinləmələr keçirilsin. Bu dinləmələrdə nazir, ali təhsil və elmi müəssisələrin, dövlət qurumlarının təmsilçiləri və təhsillə bağlı ictimaiyyət nümayəndələri iştirak etsin. Çünki bu sahədə problemlər var və dəfələrlə qaldırdığımız məsələlər həllini tapmayıb. Elm və ali təhsil sisteminin mövcud vəziyyəti, inkişaf istiqamətləri və qarşıda duran prioritet vəzifələr müzakirə olunmalı və konkret tədbirlər görülməlidir. Eyni zamanda mədəniyyət sahəsində də həlli vacib məsələlər var ki, bununla bağlı parlamentdə müzakirə aparılaraq müvafiq qanunların qəbul olunması zəruridir” - sonda bildirib.
Regional məsələlər və Elm və təhsil komitəsinin üzvü Vasif Qafarov isə qeyd edib hazırda bir sıra sosial yönümlü qanunvericilik təşəbbüsləri üzərində iş aparılır və bu təşəbbüslərin bir qisminin yaz sessiyası çərçivəsində təqdim edilməsi nəzərdə tutulur. Sözügedən təşəbbüslər əsasən sosial müdafiə, məşğulluq, aztəminatlı ailələrin dəstəklənməsi və sosial xidmətlərin keyfiyyətinin yüksəldilməsi sahələrini əhatə edir. “Mövcud qanunvericilik bazasında bəzi tənzimləmə mexanizmlərinin praktikada yetərincə çevik olmaması, sosial xidmətlərin tətbiqi zamanı müəyyən çətinliklərin yaranması yeni təşəbbüslərə ehtiyac yaradır. Sosial-iqtisadi proseslər və əhalinin artan tələbatları qanunvericiliyin daim təkmilləşdirilməsini zəruri edir. İrəli sürüləcək dəyişikliklər real sosial problemlərin daha effektiv həllinə, vətəndaşların sosial təminatının gücləndirilməsinə və dövlətin sosial siyasətinin daha səmərəli icrasına xidmət etməlidir”.