ABŞ prezidenti Donald Tramp Venesuela müxalifətçisi Mariya Korina Maçadonun ona Nobel Sülh Mükafatının medalını təqdim etməsini hörmət əlaməti kimi qiymətləndirib. Modern.az xəbər verir ki, Tramp bu barədə özünün “Truth Social” şəbəkəsində yazıb.
O bildirib ki, çox şeydən keçmiş Maçado ilə görüşmək böyük şərəfdir. Ağ Ev rəhbəri yazıb: "Mariya özünün Nobel Sülh Mükafatını gördüyüm işlərə görə mənə verdi. Bu, qarşılıqlı hörmətin necə də gözəl əlamətidir. Təşəkkür edirəm, Mariya".
Maçado yanvarın 15-də keçirilən görüşdə Nobel Sülh Mükafatını Trampa təqdim edib. “Fox News” kanalı Amerika liderinin mükafatı qəbul etdiyini bildirib. Nobel Komitəsinin qərarına görə, mükafat ləğv edilə, bölünə və ya başqasına verilə bilməz. Tramp əvvəllər Maçadonun Nobel Sülh Mükafatını ona təhvil verməsini istəmədiyini bildirmişdi. O, dəfələrlə özünü Nobel Sülh Mükafatına layiq hesab etdiyini deyib, lakin 10 oktyabr 2025-ci ildə Nobel Komitəsi mükafatın Maçadoya verildiyini elan edib. Yanvarın əvvəlində "Vaşinqton Post" qəzeti Trampın Maçadoya siyasi dəstək verməmək qərarına gəldiyini yazmışdı. Buna səbəb kimi Maçadonun 2025-ci il mükafatından Trampın xeyrinə imtina etmədiyi göstərilmişdi.