Qərb sanksiyaları İranın məşhur fars xalçalarının satışını demək olar ki, dayandırıb.
Modern.az xəbər verir ki, İran Ticarət Palatasının Xalça və Əl İşləri Komissiyasının məlumatına görə, 2026-cı ilin martına qədər ölkənin xalça ixracı 40 milyon dollardan da aşağı düşə bilər.
Qeyd edək ki, 1990-cı İran xalça ixracından ildə 2 milyard dollar qazanırdı.
Xalça sahəsinin nümayəndələri FT nəşrinə bildiriblər ki, 2018-ci ildə ABŞ-nin İranla nüvə sazişindən çıxması və ardınca tətbiq olunan sanksiyalar əsas dönüş nöqtəsi olub. Bunun ardınca ixracatçılara xarici valyuta gəlirlərinin bir hissəsini rəsmi məzənnə ilə mərkəzi banka satmaq tələbi qoyulub ki, bu da xalça ixracını iqtisadi baxımdan mənasız hala gətirib. Nəticədə İranın vaxtilə məhsul göndərdiyi 80-ə yaxın ölkə ilə əlaqələri kəsilib, bazarlarda Türkiyə, Hindistan və Çin kimi rəqiblər önə çıxıb.
Daxildə isə inflyasiya, alıcılıq qabiliyyətinin azalması və istehlakçı zövqlərinin dəyişməsi ənənəvi fars xalçalarına tələbi zəiflədib. Mütəxəssislərin sözlərinə görə, bu gün istehsal olunan xalçaların cəmi 3 faizə yaxını ölkə daxilində istifadə olunur. Bir vaxtlar milyonlarla insanın çalışdığı sahədə hazırda toxucuların sayı 700 mindən də azdır.
Rəsmi Tehran ixracın dəstəklənməsi üçün yeni mexanizmlər vəd etsə də, sektor nümayəndələrinin əksəriyyəti vəziyyətin tezliklə dəyişəcəyinə inanmır. Onların fikrincə, sanksiyalar aradan qalxmasa və beynəlxalq əlaqələr bərpa olunmasa, fars xalçalarının qlobal bazardakı əvvəlki mövqeyinə qayıtması çətin olacaq.