Bakı. Trend:
Elektron ticarətlə məşğul olan satıcılar alıcıların POS-terminal, elektron pul kisəsi və digər vasitələrlə aparılan nağdsız ödənişlər barədə məlumatlarla tanış olmasına imkan yaratmalı olacaqlar.
Trend-in iclasda iştirak edən müxbirinin xəbərinə görə, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunan “Elektron ticarət haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Qanun layihəsinə əsasən, satıcı (təchizatçı) ödəniş üsulları (o cümlədən nağdsız ödənişlərin POS-terminal, elektron pul kisəsi və ya digər vasitələrlə aparılması) barədə məlumatlarla alıcıların (sifarişçilərin) və səlahiyyətli dövlət orqanlarının tanış olmasına imkan yaratmalıdır.
POS-terminal nağdsız ödənişlərin (o cümlədən təmassız ödənişlərin) aparılması və (və ya) nağd pul vəsaitinin alınması üçün nəzərdə tutulmuş avadanlıq, o cümlədən lazımi proqram təminatı ilə təmin edilmiş mobil cihaz (mobil operatorların ümumistifadəli telekommunikasiya şəbəkələrində mobil (sellülar) xidmət alan (xidmət almağa yararlı olan) telefon aparatı və digər son avadanlıq) hesab ediləcək.
Elektron ticarət çərçivəsində malların (işlərin, xidmətlərin) dəyərinin nağdsız ödənilməsi ödəniş xidməti təchizatçıları vasitəsilə həyata keçiriləcək.
Həmçinin, alıcının (sifarişçi) sifariş verməzdən əvvəl satıcı (təchizatçı) tərəfindən təmin olunduğu məlumatlar elektron sənəd formasında təsdiqlənmə vasitəsilə müqavilə bağlananadək alıcıya (sifarişçiyə) çatdırılmalıdır.
Bununla yanaşı, elektron ticarətin hüquqi tənzimlənməsi həmçinin texnoloji neytrallıq prinsipinə də əsaslanacaq.
Texnoloji neytrallıq dedikdə elektron ticarət münasibətlərində bu sahədəki normativ hüquqi aktlarla hər hansı bir texnologiyanın üstün tutulmaması, tətbiqində məhdudiyyətlərin qoyulmaması və müxtəlif texnoloji həllərin bərabər qəbul olunması nəzərdə tutulacaq.
Bundan əlavə, “Elektron ticarət haqqında” Qanunun yalnız ölkə ərazisində həyata keçirilən elektron ticarətə tətbiqini nəzərdə tutan müddəa (məhdudiyyət) ləğv ediləcək.
Bu qanunda istifadə olunan digər anlayışlar Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə müəyyən edilmiş mənaları ifadə edəcək.
Məlumat üçün bildirək ki, qanunda aşağıdakı əsas anlayışlardan istifadə edilir:
elektron ticarət - informasiya sistemlərindən istifadə edilməklə malların alqı-satqısı, xidmətlərin göstərilməsi və işlərin görülməsi (o cümlədən, İnternet şəbəkəsi vasitəsi ilə elektron kitabların, musiqinin, audio-video materialların, qrafik təsvirlərin, virtual oyunların, proqram təminatlarının yüklənməsi, reklamların yerləşdirilməsi, digər analoji iş və xidmətlər) üzrə həyata keçirilən fəaliyyət; elektron ticarətin iştirakçıları - elektron ticarətin həyata keçirilməsi zamanı satıcı (təchizatçı), alıcı (sifarişçi) və elektron sənəd dövriyyəsi vasitəçisi kimi çıxış edən hüquqi və fiziki şəxslər; satıcı (təchizatçı) - malları satan (xidmətləri göstərən, işləri görən) elektron ticarət iştirakçısı; alıcı (sifarişçi) - malları alan (xidmətləri, işləri sifariş edən) elektron ticarət iştirakçısı; elektron sənəd dövriyyəsi vasitəçisi - elektron sənədi göndərən və alan arasında elektron sənəd dövriyyəsi xidmətlərini göstərən fiziki və ya hüquqi şəxs; elektron pul kisəsi – fiziki və hüquqi şəxslər tərəfindən köçürülmüş pul vəsaitlərini saxlamağa və onların tapşırığı ilə elektron ödənişləri həyata keçirməyə imkan verən, bank və ya kredit təşkilatı sayılmayan proqram təminatı.