Bakı. Trend:
Risklərin idarə edilməsi və komplayens sahəsində əsas çağırış yalnız yeni risklərin yaranması deyil, həm də onların bir-biri ilə inteqrasiyası və transformasiyasıdır.
Trend-in tədbirdəki müxbirinin məlumatına görə, bunu “BİR Ekosistem”in baş icraçı direktoru Fərid Hüseynov çərşənbə axşamı Bakıda keçirilən Dayanıqlı Biznes, Korporativ İdarəetmə, Risk və Komplayens (GRC) Konfransında deyib.
O bildirib ki, Azərbaycanın coğrafi mövqeyi və geosiyasi şəraiti ölkədə fəaliyyət göstərən şirkətlərin işinə, o cümlədən risklərin idarə olunması yanaşmalarına birbaşa təsir göstərir.
“Bugünkü əsas çağırış yalnız yeni risklərin yaranması deyil. Risklər bir-biri ilə inteqrasiya olunur, qarışır və transformasiyaya uğrayır. Bu, müasir dünyanın sürətli dəyişimini əks etdirir”, - deyə F.Hüseynov qeyd edib.
O, bu prosesi Lyuis Kerrollun “Alisa güzgü arxasında” əsərində təsvir olunan “Qırmızı kraliçanın effekti” ilə müqayisə edib. Bildirib ki, həmin yanaşmaya əsasən, mövcud mövqeyi qorumaq üçün belə daim hərəkətdə olmaq, irəli getmək üçün isə daha sürətlə inkişaf etmək lazımdır.
F. Hüseynovun sözlərinə görə, bu gün süni intellekt və digər texnoloji yeniliklərlə yanaşı, kibertəhlükəsizlik, kiberhücumlar, sanksiya rejimləri və geosiyasi dəyişikliklər də şirkətlərin gündəliyində mühüm yer tutur.
O qeyd edib ki, geosiyasi proseslərin təsiri kiberhücumlar şəklində də özünü göstərə bilər. Son günlər Azərbaycanda müəyyən infrastrukturlara qarşı genişmiqyaslı paylanmış xidmətdən imtina (DDoS) hücumlarının qeydə alındığını xatırladan F.Hüseynov bu cür təhdidlərə qarşı məsuliyyətli və koordinasiyalı yanaşmanın vacibliyini vurğulayıb.
“Əvvəllər bizim üçün sabit risk menecmenti sisteminin qurulması çox vacib idi. İndi isə düşünürəm ki, daim dəyişən şəraitə uyğunlaşan risklərin idarə edilməsi sistemi daha böyük əhəmiyyət daşıyır”, - deyə o bildirib.
F.Hüseynov vurğulayıb ki, bu yanaşma xüsusilə geniş müştəri bazasına xidmət göstərən “Kapital Bank” və bütövlükdə ekosistem üçün mühüm əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, ekosistem Azərbaycanda yaşayan 5 milyondan çox vətəndaşa, eləcə də ölkədə olan xarici vətəndaşlara xidmət göstərir. Bu miqyas həm böyük imkanlar yaradır, həm də ciddi məsuliyyət tələb edir.
Baş icraçı direktor komplayens və risklərin idarə olunması strategiyasının üç əsas istiqamətini də diqqətə çatdırıb.
Birinci istiqamətin proaktiv yanaşma olduğunu bildirən F.Hüseynov qeyd edib ki, komplayens yalnız baş vermiş hadisələrə reaksiya verməklə kifayətlənməməli, mümkün riskləri əvvəlcədən müəyyənləşdirməli, potensial ssenariləri qiymətləndirməli və qabaqlayıcı tədbirlər görməlidir.
İkinci istiqamətin texnologiyaların tətbiqi və kibertəhlükəsizlik olduğunu deyən o, real vaxt rejimində analitika və süni intellektin risklərin müəyyənləşdirilməsində mühüm imkanlar yaratdığını bildirib. Bununla yanaşı, süni intellektdən istifadənin etik prinsiplərə uyğun həyata keçirilməsinin vacibliyini vurğulayıb.
“Kibertəhlükəsizlik artıq yalnız İnformasiya texnologiyaları departamentinin texniki işi deyil. Bu, şirkətlərin ən yüksək rəhbərlik səviyyəsində diqqət yetirilməli olan əsas strateji məsələlərdən biridir”, - deyə F.Hüseynov bildirib.
Onun sözlərinə görə, üçüncü istiqamət dəyişən şəraitə uyğunlaşma və korporativ mədəniyyətin formalaşdırılmasıdır. Şirkətlər risklərə davamlılıq, məsuliyyət və əməkdaşlıq prinsiplərini öz korporativ mədəniyyətlərinin ayrılmaz hissəsinə çevirməlidirlər.
F.Hüseynov qeyd edib ki, bu prinsiplərin təşkilatın fəaliyyət modelinə inteqrasiyası dayanıqlı inkişafın təmin edilməsi baxımından vacibdir.