Bakı. Trend:
Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) aktivləri 2026-cı il sentyabrın 30-na 74 milyard ABŞ dolları və ya 125,8 milyard manat təşkil edib.
Bu barədə Dövlət Neft Fondunun 2026-cı ilin yanvar-sentyabr ayları üzrə gəlir və xərclərinə dair məlumatında bildirilib.
Məlumata görə, Fondun aktivləri 2026-cı ilin əvvəli ilə müqayisədə 462 milyon ABŞ dolları və ya 786 milyon manat artıb. Belə ki, ilin əvvəlində ARDNF-nin aktivləri 73,5 milyard dollar (125 milyard manat) olub.
Hesabat dövründə Fondun ümumi gəlirləri 12 milyard 341,3 milyon manat təşkil edib. Bunun 8 milyard 740,6 milyon manatı neft-qaz layihələrinin həyata keçirilməsi ilə bağlı gəlirlərin, 3 milyard 600,7 milyon manatı isə vəsaitlərin idarə edilməsindən əldə olunan gəlirlərin payına düşüb.
Neft-qaz layihələri üzrə gəlirlərin əsas hissəsi mənfəət neftinin və qazın satışından formalaşıb. Bu mənbə üzrə daxilolmalar 7 milyard 343,9 milyon manat təşkil edib. Bonus ödənişləri və tranzit gəlirləri 900 min manat, akrhesabı ödənişlər isə 4,9 milyon manat olub. Bundan əlavə, “Cənub Qaz Dəhlizi” QSC-də dövlətə məxsus payın satışından 1 milyard 390,9 milyon manat daxil olub.
Dövlət Neft Fondunun məlumatına əsasən, hesabat dövründə Azəri-Çıraq-Günəşli (AÇG) yatağından 6 milyard 570,6 milyon manat, “Şahdəniz” yatağından isə qaz və kondensat satışından 565,1 milyon manat vəsait daxil olub. 2026-cı ilin yanvar-sentyabr aylarında Fondun büdcə xərcləri 9 milyard 681,2 milyon manat təşkil edib. Bunun 9 milyard 628 milyon manatı dövlət büdcəsinə transfert edilib.
Eyni zamanda, Fond davam edən dövlət proqramlarının və layihələrin maliyyələşdirilməsinə 27,7 milyon manat yönəldib. Bu vəsaitin 3,6 milyon manatı 2019–2023-cü illər üçün Azərbaycanda ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramına, 21,9 milyon manatı 2022–2028-ci illər üçün gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almasına dair Dövlət Proqramına, 2,2 milyon manatı isə beynəlxalq ikili diplom proqramlarına ayrılıb.
Hesabat dövründə ARDNF-nin idarəetmə xərcləri 25,5 milyon manat təşkil edib. Bununla yanaşı, qızılın qiymətinin və valyuta məzənnələrinin dəyişməsi nəticəsində 1 milyard 874 milyon manat məbləğində büdcədənkənar xərc yaranıb.
Qlobal maliyyə bazarlarında vəziyyət
Fondun məlumatında 2026-cı ilin üçüncü rübündə qlobal maliyyə bazarlarında müşahidə olunan tendensiyalara da toxunulub.
Bildirilib ki, geosiyasi gərginliklər, inflyasiya təzyiqləri və monetar siyasətlə bağlı gözləntilər əsas aktiv siniflərinə təsir göstərib və bazarlarda yüksək volatillik davam edib.
Rüb ərzində qlobal səhm bazarlarında müsbət gəlirlilik qeydə alınıb. Dayanıqlı iqtisadi artım, şirkətlərin güclü maliyyə nəticələri, eləcə də süni intellekt və onunla əlaqəli infrastruktura investisiyalar səhm bazarlarının yüksəlişini dəstəkləyib.
Eyni zamanda, enerji qiymətlərinin artması, inflyasiyanın davam etməsi və faiz dərəcələrinin yüksək səviyyədə qalacağına dair gözləntilər əsas inkişaf etmiş ölkələrin dövlət istiqrazlarının gəlirliliyini yüksəldib. Bu isə istiqrazların bazar dəyərinə mənfi təsir göstərib. Dövlət borclanması ilə bağlı narahatlıqlar və yüksək həcmdə istiqraz emissiyaları da uzunmüddətli istiqrazların gəlirliliyinə əlavə təzyiq yaradıb.
Qızıl bazarında da əhəmiyyətli qiymət dəyişkənliyi müşahidə olunub. Avqust ayında geosiyasi qeyri-müəyyənliyin artması və investisiya tələbi qızılın bahalaşmasını dəstəkləyib. Sentyabrda isə ABŞ dövlət istiqrazlarının gəlirliliyinin yüksəlməsi və dolların möhkəmlənməsi fonunda qızılın qiymətində geriləmə qeydə alınıb.
Bütün bu amillərə baxmayaraq, qlobal səhm bazarları üçüncü rübü artımla başa vurub. Şirkətlərin güclü fundamental göstəriciləri mürəkkəb makroiqtisadi şəraitdə bazarların dayanıqlığını dəstəkləyən əsas amillərdən biri olub.