"Yeni il ağacları ciddi allergiyaya səbəb ola bilər".
Modern.az xəbər verir ki, bunu rusiyalı həkim Aleksandra Filyova deyib.
O qeyd edib ki, allergiyanın səbəblərindən biri satışdan əvvəl daşınarkən və saxlanılarkən canlı ağacın qabığında və gövdəsində əmələ gələn mikroskopik kifdir.
Bundan əlavə, tənəffüs yollarının selikli qişasını qıcıqlandıran təbii qatranlar mənfi reaksiyaya səbəb ola bilər.
Həkim, həmçinin süni ağacın da tozlu bir yerdə saxlanıldığı təqdirdə, təhlükə yarada biləcəyini də aydınlaşdırıb. Bu halda ağacda çoxlu miqdarda məişət tozu, toz gənələri və kif sporları toplanır.
"Bayramdan əvvəl ağac çıxarıldıqda allergenlər havaya aktiv şəkildə yayılır və xoşagəlməz simptomlara səbəb ola bilir: burun tutulması, tez-tez asqırma, gözlərin qızarması və qaşınması və quru öskürək bunun əlamətləridir", - deyən Filyova onu da əlavə edib ki, nadir hallarda süni ağac da dəri səpgilərinə səbəb ola bilər. (Mənbə: "RİA Novosti")