Bakı. Trend:
"Microsoft" şirkəti xərclərin azaldılması planı çərçivəsində Böyük Britaniya, Kanada, ABŞ və Hindistanda 60 mindən çox əməkdaşına könüllü işdən ayrılmaları müqabilində kompensasiya təklif edib. Bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
“Bu təklif şirkətdən ayrılmaq barədə düşünən və müvafiq şərtlərə cavab verən əməkdaşlara bizim dəstəyimizlə bu addımı indi atmaq üçün yeni imkan yaradır”, – deyə “Microsoft”un insan resursları üzrə direktoru Emi Koulman müraciətində bildirib.
Agentliyin mənbələri dəqiqləşdiriblər ki, şirkət könüllü işdən ayrılma proqramında maliyyə departamentinin, eləcə də “Xbox”, “Windows” və “Copilot” törəmə bölmələrinin əməkdaşlarının iştirakına icazə verib.
Məlumat mərkəzləri, satış, marketinq, kibertəhlükəsizlik və kvant hesablamaları sahələrində ixtisaslaşan əməkdaş qrupları isə proqramdan kənarda saxlanılıb.