Bakı. Trend:
Beynəlxalq reytinq agentliyi “Fitch Ratings” “Cənub Qaz Dəhlizi” qapalı səhmdar cəmiyyətinin 2025-ci ilin yekunlarında olduğu kimi, 2026–2029-cu illərdə də müsbət xalis pul mövqeyini saxlayacağını proqnozlaşdırır.
“Proqnozumuz yüksək pul vəsaiti yaratmaq göstəricilərinin qorunacağı, kapital xərclərinin aşağı səviyyədə olacağı və 2027-ci ildən dividend ödənişlərinə başlanacağı ilə bağlı fərziyyələrə əsaslanır. Şirkətin dividend bölgüsü məsələsində yüksək çevikliyini qoruyacağını gözləyirik”, – deyə agentliyin materiallarında bildirilir.
“Fitch” dəqiqləşdirir ki, “Cənub Qaz Dəhlizi”nin maliyyə profilinin təhlili şirkətin konsolidə edilmiş göstəricilərinə əsaslanır. Bu təhlilə Trans-Anadolu Qaz Boru Kəmərinin (TANAP) fəaliyyətinin tam konsolidasiyası, o cümlədən minoritar səhmdarlara dividend ödənişləri, “Şahdəniz” yatağı üzrə Hasilatın Pay Bölgüsü Sazişinin (HPBS) və Cənubi Qafqaz Boru Kəmərinin (SCP) proporsional konsolidasiyası, həmçinin Trans-Adriatik Boru Kəmərində (TAP) iştirak payından əldə olunan dividendlər daxildir.
Bununla yanaşı, agentlik “Cənub Qaz Dəhlizi”nin fəaliyyətinin əməliyyat mühiti və kontragentlərlə bağlı müəyyən risklər daşıdığını qeyd edir.
“Qazın fiziki tədarükü və əlavə dəyərin yaradılması vasitəsilə “Cənub Qaz Dəhlizi” Azərbaycan, Gürcüstan və Türkiyə kimi iqtisadi mühiti daha zəif olan ölkələrdəki iqtisadi vəziyyətin təsirinə, eləcə də investisiya səviyyəsindən aşağı reytinqə malik kontragentlərlə bağlı risklərə məruz qalır”, – deyə “Fitch” bildirir.
Agentliyin qiymətləndirməsinə görə, “Cənub Qaz Dəhlizi”nin bütün boru kəmərlərinin fəaliyyətinin hüquqi əsasını təşkil edən Azərbaycanın hökumətlərarası sazişləri qeyd olunan risklərin azaldılmasına kömək edir.
“Fitch” “Cənub Qaz Dəhlizi”nin əməliyyat mühitini “bb” səviyyəsində qiymətləndirib. Bu isə şirkətin müstəqil kredit profilinin (SCP) bir pillə aşağı salınmasına səbəb olub.